05-06-2020
“Caspian European Club”ın təşkilatçılığı ilə onlayn “B2B Transport Forum” keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə baş tutmuş forumda ölkəmizin nəqliyyat sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərinin nümayəndələri iştirak ediblər.
Forum çərçivəsində “COVİD-19” koronavirus pandemiyası nəticəsində zərərçəkmiş şirkətlərin problemləri müzakirə olunub. Pandemiyanın nəqliyyat sektorunun fəaliyyətinə mənfi təsirini azaltmaq məqsədilə dövlət tərəfindən göstərilən dəstəkdən danışılıb.
Nazir müavini Elmir Vəlizadə çıxışında ölkə rəhbərliyi tərəfindən Azərbaycanı regional nəqliyyat habına çevirmək məqsədinin qarşıya qoyulduğunu bildirib.
Ölkəmizin tranzit imkanları və infrastrukturundan söz açan nazir müavini mövcud infrastrukturun yerli, o cümlədən xarici nəqliyyat və logistika şirkətlərinə bütün istiqamətlər üzrə yükdaşımaları həyata keçirməyə imkan verdiyini qeyd edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Azər Əliyevin, nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyevin, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktorunun müavini Əkbər Kərimovun, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tranzit şöbəsinin rəisi Fərid Vəliyevin, Yol vergiləri şöbəsinin rəis müavini Sultan Hüseynovun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı şəhəri üzrə nümayəndəsi Vüsal Qasımovun və “Caspian European Club”ın sədri və baş icraçı direktoru Telman Əliyevin məruzələrindən sonra forum logistika şirkətləri ilə dialoq formatında davam edib.
Qeyd edək ki, “Caspian European Club” tərəfindən yaradılmış “B2B” forum beynəlxalq biznes-netvorkinq üçün unikal platforma rolunu oynayır. Həftədə iki dəfə keçirilən onlayn “B2B” forumlar Azərbaycan, Gürcüstan, Qazaxıstan, həmçinin digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən şirkət rəhbərlərinə yeni işgüzar əlaqələr qurmaq imkanını təqdim edir.