14-07-2020
Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2019-cu il tarixli “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə müvafiq Fərmanına əsasən Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydaları, eyni zamanda hazırlığın və yenidən hazırlığın keçirilməsini təsdiq edən sənədlərin forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Sözügedən Qərarlara əsasən Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlığın keçirilməsi Qaydaları həmin məsul şəxslərin və sürücülərin hazırlığının və yenidən hazırlığının keçmələri qaydalarını müəyyən edir, həmçinin hazırlıq keçməsi barədə Şəhadətnamədə sürücülər və məsul şəxslər barədə məlumatlar, hazırlığın keçirildiyi və Şəhadətnamənin verildiyi, eyni zamanda etibarlıq müddəti göstərilən tarixlər, eləcə də səlahiyyətli orqan haqqında məlumatlar öz əksini tapıb.
Peşəkarlıq səriştəsinə dair Şəhadətnamənin tətbiq edilməsinin əsas məqsədi beynəlxalq yük və sərnişin daşımalarını həyata keçirən sürücülərin və məsul şəxslərin bu sahədə bilik səviyyələrinin artırılması, xarici ölkələrin sərhəd keçid məntəqələrində tələb olunan beynəlxalq sənədlərin düzgün tərtib olunması, eləcə də bu ölkələrdə tətbiq olunan cərimələrə məruz qalmamaları üçün beynəlxalq yük və sərnişin daşıma ilə bağlı xarici ölkələrdə mövcud qanunvericilik barədə məlumatlandırılmasıdır.
Hazırlıq və yenidən hazırlıq keçirilən müddətdə beynəlxalq yük və sərnişin daşımalarına dair Konvensiyalar, Sazişlər və digər sənədlər, o cümlədən “İcazə Sistemi”, Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) tərtibinə dair tələblər, yüklərin daşınmaya qəbulu Qaydaları, yükgöndərən-daşıyıcı-yükalanın hüquqi münasibətləri, təhlükəli və tezkorlanan yüklərin daşınmasına dair tələblər, eyni zamanda sərnişin daşımalarında davranış qaydaları, sərnişinlərlə ünsiyyət, peşəkarlıq və müxtəlif təhlükəli yol şəraitində sürücünün davranışı, eyni zamanda bu sahələri tənzimləyən müxtəlif normativ-hüquqi aktlar barədə məlumatlar verilir.
Göstərilən sənədlərin davamı olaraq, məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanının müvafiq tələbi ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” layihəsi hazırlanaraq müvafiq dövlət prosedurlarından keçib və hazırda imzalanma ərəfəsindədir.
Qaydalar sərnişin və yük daşımalarını həyata keçirən daşıyıcının (operator) işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, sürücülərin hazırlıq səviyyəsinə dair tələbləri müəyyən edir, habelə operatorların uçotunun aparılmasını tənzimləyir.
Qaydalar təsdiq olunduqdan sonra operatorlar “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi”, “Avtonəqliyyat vasitəsinin beynəlxalq daşımalara buraxılış kartı” ilə təmin olunacaq, operatorların və onların məsul şəxslərinin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi prosesi başlanılacaq və onlara müvafiq Şəhadətnamələr veriləcək.