30-07-2020
Məlum olduğu kimi, koronovirus infeksiyasının yayılmasının qarşısının alınmasında insanlar arasında təmasın minimuma endirilməsi mühüm əhəmiyyət kəsb edir və bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında ölkəmizdə əhalinin hərəkətliliyi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub. Bu məhdudiyyətlər infeksiyanın yayılması üçün münbit şəraitə malik olan avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına da sirayət etmiş, ilkin olaraq beynəlxalq istiqamətlər üzrə sərnişin daşımaları tam dayandırılaraq daha sonra ölkədaxili şəhərlərarası sərnişin daşımalarına yalnız Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında icazə verilib.
Ölkəmizdə xüsusi karantin rejiminin tətbiqi çərçivəsində, avtomobil nəqliyyatı ilə yük daşımaları, taksi xidmətləri və avtobusla şəhərdaxili müntəzəm sərnişin daşımaları ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti ilə bağlı tərəfimizdən aparılan monitorinqin nəticələri barədə məlumat vermək istərdik.
Statistik məlumatlara əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində normal rejimdə gün ərzində daşınan sərnişinlərin sayı təxminən 2 milyon 56 min nəfər təşkil edirdi.
Koronovirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə cari ilin 3 mart tarixində tətbiq olunan təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məhdudiyyətdən sonra 4 mart tarixində avtobusla şəhərdaxili, rayondaxili və şəhərlərarası, rayonlararası sərnişin daşımalarında artıq orta hesabla təxminən 21%-lik azalma müşahidə olunaraq gün ərzində daşınan sərnişinlərin ümumi sayı təxminən 1 milyon 624 min nəfər təşkil edib.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 23-də qəbul edilmiş qərar əsasında Azərbaycan Respublikasında 24 mart tarixindən etibarən 20 aprel tarixinədək xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında daşımalar istisna olmaqla ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti tam dayandırıldığından və əhalinin “icazə” tətbiq edilməklə hərəkəti məhdudlaşdırıldığından aprel ayı ərzində sərnişin daşımalarında stabil azalma olmuş və normal rejim ilə müqayisədə sərnişin daşımalarında təxminən 80 %-dək azalma müşahidə edildi.
Normal iş rejimində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları üzrə sərnişin daşımaları 12 hüquqi şəxs və 13 nəfər fiziki şəxs tərəfindən yerinə yetirilirdi. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 68 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 66 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 61 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 195 avtobus istismar edilirdi.
Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında sərnişin axını azaldığı üçün istismar olunan avtobusların sayı da sərnişin axınına uyğunlaşdırılıb. Buna müvafiq olaraq sərnişin daşımaları 7 hüquqi şəxs və 13 fiziki şəxs tərəfindən davam etdirilib. Belə ki, Bakı-Sumqayıt istiqaməti üzrə 8 marşrutda 32 avtobus, Bakı-Abşeron istiqaməti üzrə 13 marşrutda 53 avtobus və Sumqayıt-Abşeron istiqaməti üzrə 9 marşrut üzrə 54 avtobus olmaqla, ümumilikdə gündəlik 30 marşrut üzrə 139 avtobus istismar edilir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtobus marşrutları ilə aprel ayı üzrə 497885, may ayı üzrə 674310, iyun ayı üzrə 590020 sərnişin və iyul ayı üzrə 417070 şərnişin olmaqla, ümumilikdə 2179285 nəfər sərnişin daşınıb.
Nəzərinizə çatdıraq ki, aprel ayından etibarən hazırki tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub. Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 11.8% təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 18106, nöqsan sayı 956), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 10581, nöqsan sayı 1045), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 95, nöqsan sayı 6), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 11868, nöqsan sayı 1015), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 12844, nöqsan sayı 3257), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 12790, nöqsan sayı 1790) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 20375, nöqsan sayı 2199) ilə bağlı məsələləri əhatə edib.
Əlbəttə, pandemiya dövründə qarşımızda duran əsas vəzifələrdən biri də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlara müvafiq olaraq daşımalar zamanı sərnişinlərin və sürücülərin təhlükəsizliyinin təmin edilməsi olub. Bu baxımdan, müntəzəm avtobus marşrutları ilə daşınan sərnişinlərin sayında əhəmiyyətli azalma olsa da, tərəfimizdən mütəmadi olaraq daşıyıcıların və sərnişinlərin maarifləndirilməsi işləri həyata keçirilir, avtobusların salonunda sərnişin sıxlığı ciddi nəzarətdə saxlanılır.
Pandemiya dövründə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları həyata keçirən sahibkarlıq subyektlərinin fəaliyyətinin rəsmiləşdirilməsi, bu sahədə dövlət vergisinin yığlması prosesinin asanlaşdırılması, habelə sui-istifadə hallarına yol verilməməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bir sıra tədbirlər görülüb. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” sənədinin “Azərpoçt” MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib.
Mart ayının 4-dən başlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (012) 566-52-58 qaynar xətti 7/24 rejimində fəaliyyət göstərir. Eyni zamanda, zəruri materialların operativ qaydada təqdim edilməsi məqsədilə WhatsApp xətti istifadəyə verilib. Mart ayının 4-dən bu günə qədər qaynar xətt vasitəsilə ümumilikdə 4 min 168 müraciət daxil olub. Müraciətlərin ən çox daxil olduğu vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərarların qəbul edildiyi tarixə təsadüf edir. Hazırda qaynar xətt vasitəsilə gün ərzində orta hesabla 25-30 müraciət daxil olur.
Bununla yanaşı, qeyd etmək istərdik ki, pandemiya dövründə qadağan edilmiş sərnişin daşımalarının və fəaliyyətinə məhdudiyyət tətbiq olunmuş avtovağzalların və avtostansiyaların işinin bərpası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul ediləcək qərarlara müvafiq olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən mərhələli şəkildə təmin ediləcəkdir.