20-07-2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən birgə həyata keçirilən “100 yeni beynəlxalq sürücü” layihəsi çərçivəsində təşkil edilən təlimlərin iştirakçılarına Nəqliyyat Təlim və Tədris Mərkəzi tərəfindən sertifikatlar təqdim olunub.
Artıq 32 sürücü təlimləri uğurla başa vurub. Layihə Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq çərçivəsində həyata keçirilir. Qaydaların tələblərinə əsasən, təxminən 7000 nəfər sürücünün təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücülərin hazırlanması ilə yanaşı, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərməkdir. Təlimlərdə C, C1E, CE kateqoriyalı sürücülük vəsiqələrinə malik işsiz sürücülər ödənişsiz olaraq iştirak edib. Sürücülərin təhsil haqları Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən ödənilib. Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd verilib və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunub.
Təlimlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədris proqramı əsasında nəzəri və praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim meydançasında ali təhsil müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllim və dosentləri, həmçinin təlim ustaları cəlb olunmaqla həyata keçirilir. Beynəlxalq standartlara cavab verən dərs vəsaitləri Nəqliyyat Təlim və Tədris Mərkəzində hazırlanıb. Təlim mövzularını tədris etmək üçün müəllimlər xüsusi hazırlıq keçiblər.
Təlimlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə biliklər verilir. Yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri izah olunur. Sürücülər yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım qaydaları, etik normalara riayət edilməsi və davranış qaydaları, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlandırılır.
Sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına köməklik göstərilir. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılır. Bu məlumatlar həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim edilir.