25-07-2022
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin Cənubi Qafqazda “Özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının təşkilatçılığı ilə keçirilən “Yol hərəkəti təhlükəsizliyi” təlimi başa çatıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Nəqliyyat Təlim və Tədris Mərkəzinin təlimlərdə uğurla iştirak edən müəllimləri sertifikat alıblar.
6 günlük proqramı Alman Yol Təhlükəsizliyi Komissiyasında akkreditə olunmuş “Hurmoğlu Education and Consultancy – HED Academy”nin (Türkiyə) mütəxəssisləri tədris edib.
Bu təlim logistika və nəqliyyatda kiçik və orta müəssisələrə təcrübələrini artırmaqla yanaşı, yol-nəqliyyat hadisələrinin qarşısını almağa, yol daşımalarında təhlükəsizliyi gücləndirməyə kömək edəcək.
Sertifikat əldə edən iştirakçılar gələcəkdə təlim mövzularını tədris etmək imkanı qazanıb.
Qeyd edək ki, Nəqliyyat Təlim və Tədris Mərkəzində sürücülük, iş və istirahət rejiminin xüsusiyyətləri, habelə avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını tənzimləyən normativ hüquqi aktlar üzrə də təlimlər keçirilir. Nəqliyyat xidmətləri təqdim edən mərkəzin Gəncə, Şirvan, Lənkəran və Biləsuvarda regional filialları fəaliyyət göstərir.