-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə

Mobillik və əlçatanlıq
İctimai nəqliyyatda əlçatanlığın, şəhər daxilində mobilliyin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması məqsədilə Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və bir hissəsi artıq icra edilib. Yol hərəkətinin təşkili ilə bağlı infrastruktur layihələri, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlili, mikromobillik infrastrukturunun yaradılması sözügedən layihənin tərkib hissələridir.
2030-cu ilə hədəflənən məqsədlərə nail olmaq üçün işlər bir neçə mərhələ üzrə aparılır.
Belə ki, mobillik sisteminin transformasiyası üçün 60-dan çox təşəbbüs nəzərdən keçirilib. AYNA tərəfindən sahə üzrə geniş təhlillər aparılıb, əhəmiyyətli məlumat bazası toplanılıb. Bakı şəhərinin “rəqəmsal əkiz”i yaradılıb. Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin “rəqəmsal əkiz”ə əsaslanmaqla icra edilir. Bu günədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihə “rəqəmsal əkiz” üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub.
Ötən dövr ərzində xidmətlərin elektronlaşdırılması, eyni zamanda bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib addımlar atılıb. “BakıKart”, “Azparking”, “Biletim.az” mobil tətbiqləri, həmçinin AYNA İnformasiya Sisteminin bir neçə alt sistemi istifadəyə verilib.
Artıq mobillik proqramının ilkin müsbət nəticələri də müşahidə edilir. Belə ki, taksi sahəsində aparılan islahatlar nəticəsində Bakı şəhərində taksi səfərlərinin sayı azalıb.
Təhlillər göstərir ki, taksi nəqliyyat vasitəsilə metroya və ya metrodan edilən səfərlərin sayı da ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8,5 km-dən 10 km-ə qədər artıb.
Həmçinin taksi sifarişi operatorlarının icazə əsasında fəaliyyət göstərməsi prosesinə başlanılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi üçün taksi sürücüləri təlimlərə cəlb edilib.
Mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir. Parklanmaya tələbatdan asılı olaraq, Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün də vacib tədbirlər görülür. AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, xətlərdə avtobus sayı gündəlik nəzarətə götürülüb, avtobusların hərəkətində fasiləsizlik təmin edilir.
Avtobuslar üçün xüsusi zolağın ayrılması yolların buraxılış qabiliyyətini dəfələrlə artırır. Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir. Xüsusi hərəkət zolaqlarının təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti ciddi şəkildə qısalıb.
Yeni çağırışlar müasir şəhər mühitinin daha çox vətəndaşyönümlü olması, mikromobillik vasitələrindən istifadəyə təşviq edilməsidir. Bu tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Mobillik layihəsində kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər də nəzərə alınıb. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.