Nizamnamə
Nizamnamə
1.1. Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra
– Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
(bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra
– müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında
avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə
ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük
daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq
müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
1.2. Agentlik öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu
Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Agentlik öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə
orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və
fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Agentlik ümumdövlət və
ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə
qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul
ola bilər.
1.5. Agentliyin müstəqil
balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı və “Azərbaycan
Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət
Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları, loqotipi (emblemi) və
blankları vardır.
1.6. Agentliyin əqdlər
bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək
hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh
qismində çıxış edə bilər.
1.7. Agentliyin nəzarət
funksiyalarını yerinə yetirən əməkdaşları Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən edilən xidməti geyim formasını və fərqləndirmə
nişanlarını daşımaq hüququna malikdirlər.
1.8. Agentliyin rəsmi adı
aşağıdakı kimidir:
1.8.1. tam halda – Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi, qısaldılmış halda – AYNA;
1.8.2. ingilis dilində tam
halda – Azerbaijan Land Transport Agency, qısaldılmış halda – ALTA.
1.9. Agentlik Bakı şəhərində
yerləşir.
2.1. Agentliyin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahə üzrə
dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu
siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.2. müvafiq sahədə tənzimləməni
və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;
2.1.3. avtomobil nəqliyyatı
ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət
sifarişinin (Şuşa şəhərinin ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımalar
üzrə dövlət sifarişi istisna olmaqla) formalaşdırılmasını
təmin etmək;
2.1.4. avtomobil nəqliyyatı
ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini
təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək;
2.1.5. rəqəmsal taxoqraf
kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində
və idarə olunmasında iştirak etmək;
2.1.5-1. yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində
iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini
təmin etmək;
2.1.6. müvafiq sahənin
inkişafını təmin etmək;
2.1.7. bu Nizamnamə ilə müəyyən
edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.
3.1. Bu Nizamnamə ilə müəyyən
edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri
aşağıdakılardır:
3.1.1. müvafiq sahədə
normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların və məqsədli
proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. müvafiq sahədə
inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda
isə aidiyyəti üzrə məlumat vermək;
3.1.3. dövlət orqanlarının
(qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin
avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.4. aidiyyəti dövlət
orqanı (qurumu) ilə birlikdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını
yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinə fərqlənmə
nişanlarının tətbiqi ilə əlaqədar müvafiq normativ hüquqi aktların tələblərinə
riayət olunmasına nəzarət etmək;
3.1.5. müvafiq sahədə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və
Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının
götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, habelə icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;
3.1.7. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil
daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini və bu sahədə nəzarəti həyata
keçirmək;
3.1.8. beynəlxalq avtomobil daşımaları sahəsində İcazə blanklarının mübadiləsi üzrə kvotaların müəyyən edilməsi ilə əlaqədar Nazirliyə təkliflər vermək, habelə İcazə blanklarının mübadiləsini və uçotunu aparmaq;
3.1.9. xarici ölkələrin birdəfəlik “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli (aylıq) və çoxtərəfli illik “İcazə” blankları (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrin operatorlar arasında bölgüsünü və uçotunu aparmaq;
3.1.10. Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq
sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarını xarici ölkələrin birdəfəlik
“İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli qısamüddətli
(aylıq) və çoxtərəfli illik “İcazə” blankları (jurnalları) və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən
icazələrlə təmin etmək;
3.1.11. Azərbaycan Respublikasında dövlət qeydiyyatında olan avtonəqliyyat
vasitələrini kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə”
blankı ilə operativ qaydada təmin etmək üçün xarici dövlətlərin aidiyyəti
orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər görmək;
3.1.12. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük
daşımaları fəaliyyətinin operatorlarının uçotunu aparmaq;
3.1.13. Azərbaycan Respublikasının ərazisində (gömrük sərhəd
buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərdə qeydiyyatda olan
avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarına
nəzarət etmək;
3.1.14. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətlərinin təşkil edilməsi, habelə səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görmək;
3.1.15. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə
marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla,
marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin
hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək;
3.1.16. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin
daşımalarının yerinə yetirilməsinə daşıyıcıları müsabiqə qaydasında cəlb etmək,
müsabiqənin qalibləri ilə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin
daşınmasının təşkili) haqqında müqavilə bağlamaq və müqavilə şərtlərinə əməl
olunmasına nəzarət etmək;
3.1.17. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili),
şəhərlərarası (rayonlararası) və beynəlxalq daşıma marşrutlarının pasportunu
hazırlamaq və onları daşıyıcılara təqdim etmək;
3.1.18. müntəzəm sərnişindaşıma xidmətləri yerinə yetirən
avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer
xidməti yaratmaq və onun fəaliyyətini təşkil etmək;
3.1.19. müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini
təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlər
görmək;
3.1.20. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin
təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək;
3.1.21. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin
və yük daşımalarını həyata keçirən daşıyıcıların, belə daşımaları yerinə yetirən
sürücülərin, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı,
kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə
yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyətinin və
sürücülərin iş və istirahət rejiminə nəzarəti həyata keçirən dövlət orqanı əməkdaşlarının
rəqəmsal taxoqraf kartları ilə təmin edilməsi üçün tədbirlər görmək;
3.1.22. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (Şuşa şəhərinin ərazisi istisna olmaqla) yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək;
3.1.23. avtovağzalların (avtostansiyaların) göstərdikləri xidmətlərin
səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunan kateqoriyalara
uyğunluğuna nəzarət etmək, avtovağzalın (avtostansiyanın) pasportla müəyyən
olunmuş kateqoriyasını dəyişmək;
3.1.24. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə
yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada
reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün
müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə
nəzarəti həyata keçirmək;
3.1.25. avtomobil nəqliyyatının infrastruktur obyektində (ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla) beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;
3.1.25-1. Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək;
3.1.25-2. taksi minik avtomobilləri üçün nişanlanma xətləri əsasında
duracaq yerlərini müəyyənləşdirmək və idarə olunmasını təmin etmək;
3.1.25-3. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil
yollarında parklanma yerlərini müəyyənləşdirmək, onları təşkil və idarə etmək,
bələdiyyə və özəl avtomobil yollarında parklanma yerlərinin təşkilində iştirak
etmək, habelə parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə
əməl olunmasına nəzarət etmək və parklanma qaydalarını pozmuş şəxslərin
inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək, o cümlədən foto
və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin
quraşdırılmasını təmin etmək;
3.1.25-4. Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının), habelə Bakı şəhərinin inzibati ərazisində mühafizə olunan duracaqların yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək, habelə öz balansındakı mühafizə olunan duracaqları və avtomobil duracaqlarını (qarajlarını) idarə etmək;
3.1.25-5. piyada-yol infrastrukturunun təşkilində iştirak etmək;
3.1.25-6. yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkətinin
təşkilinin digər texniki vasitələrinin yerlərini Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə, bu sahədə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş normalara uyğun olaraq müəyyənləşdirmək və ya dəyişdirmək, onların
quraşdırılmasına (çəkilməsinə) və lazımi qaydada saxlanılmasına nəzarət etmək;
3.1.25-7. avtomobil yollarının normativ hüquqi aktlarla və beynəlxalq
standartlarla müəyyən edilmiş norma və tələblər səviyyəsində yol nişanları,
nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz
edilməsi vəziyyətinin araşdırılması məqsədilə mütəmadi olaraq monitorinqlər həyata
keçirmək və yolların zəruri yol hərəkəti təşkilinin texniki vasitələri ilə təchiz
edilməsi məqsədilə tədbirlər görmək;
3.1.25-8. yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin
planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə
insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən
ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o
cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin
təmin olunması baxımından rəy vermək;
3.1.25-9. avtomobil yollarının, avtovağzalların (avtostansiyaların),
yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı
təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq
qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə
alınmaqla rəy vermək;
3.1.25-10. avtomobil yollarında tıxac yaranması səbəblərini
araşdırmaq, təhlillər aparmaq və müvafiq təkliflər vermək;
3.1.25-11. avtomobil yollarında tıxac yaranmaması və nəqliyyat axınının tənzimlənməsi üçün ticarət, iaşə, sənaye və tikinti obyektlərinə, habelə həmin obyektlərdən yükdaşımaların iş rejiminə dair Nəqliyyatı Əlaqələndirmə Şurasına təkliflər hazırlamaq;
3.1.26. “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin aktlarına
uyğun olaraq, yerüstü nəqliyyatın hərəkəti ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.27. avtomobil nəqliyyatı ilə ölkədaxili daşımalar bazarının
qorunması, daşımalar bazarında azad rəqabət mühitinin inkişaf etdirilməsi üçün
tədbirlər görmək;
3.1.28. müvafiq sahədə ətraf mühitin mühafizəsinin təmin edilməsinə dair tələblərə riayət olunmasına fəaliyyət istiqamətlərinə uyğun olaraq nəzarət etmək, həmçinin ətraf mühitin mühafizəsinə dair aidiyyəti dövlət orqanlarına təkliflər vermək;
3.2.8-1. reysdənkənar hallarda saxlanılması üçün müvafiq duracaqları
olmayan ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımaları
həyata keçirən nəqliyyat vasitələrinin Agentliyin avtomobil qarajlarında və
istehsalat bazalarında müqavilə əsasında ödənişli qaydada saxlanılması üçün şərait
yaratmaq;
3.2.8-2. ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşımanı
təşkil edən və nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı
yoxlanılması, eləcə də onların sürücülərinin reysqabağı tibbi müayinəsi üçün
müvafiq şəraiti olmayan hüquqi şəxslərə və ya fərdi sahibkarlara belə yoxlama və
müayinələrin Agentlik tərəfindən müqavilə əsasında ödənişli qaydada həyata
keçirilməsi üçün şərait yaratmaq;
3.2.8-3. sərnişinlərin gediş haqqını ödəməsini asanlaşdırmaq üçün dayanacaq məntəqələrində ödəniş alətlərinin quraşdırılmasını təmin etmək;
3.1.29. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris
proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini
təşkil etmək;
3.1.30. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki
peşə təhsili müəssisələrində təhsil alanlar istisna olmaqla, avtomobil nəqliyyatı
ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə
və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, həmçinin avtomobil
nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara
dair hazırlıq, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük
daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), eləcə də
beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə
dair proqramlar üzrə hazırlıq və yenidən hazırlıq keçmələrini təşkil etmək və həyata
keçirmək;
3.1.31. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici
sənədlər (sertifikatlar, şəhadətnamələr və s.) vermək, müvafiq məsələlərə
münasibət bildirmək;
3.1.32. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən
avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına,
sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə, habelə gediş haqlarının
mövcud tariflərə uyğun ödənilməsinə nəzarət etmək;
3.1.33. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir
sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti
haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti
daxilində yoxlamaq;
3.1.34. taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı,
kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə
yetirən və akkreditasiya attestatı olan xidmət mərkəzlərini (servis
emalatxanalarını) registrdə qeydiyyata almaq və onların fəaliyyətinin “Beynəlxalq
avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair
Avropa Sazişi”nin tələblərinə və Azərbaycan Respublikasının müvafiq normativ
hüquqi aktlarının müddəalarına uyğunluğuna nəzarət etmək;
3.1.35. daşıyıcılar tərəfindən nəqliyyat vasitələrinin enerji
istehlakının azaldılması, əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin
stimullaşdırılması, şəhər ərazisində piyada infrastrukturunun (piyada
zonalarının, yollarının, keçidlərinin və s.) yaradılması barədə təkliflər vermək;
3.1.36. yol işlərinin xarakterindən və davametmə müddətindən asılı
olaraq onların başlanmasına razılıq vermək;
3.1.37. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və
arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli
263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.38. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri
haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.39. kargüzarlığın aparılması işini və vətəndaşların qəbulunu
müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.40. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər
maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.41. balansında olan dövlət əmlakını və maliyyə vəsaitlərini idarə
etmək, onlardan səmərəli istifadə etmək;
3.1.42. Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının
yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.43. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı Nazirliyə təkliflər vermək;
3.1.44. Agentliyin struktur bölmələrinin fəaliyyətinə nəzarət etmək,
onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək;
3.1.45. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini
təmin etmək;
3.1.46. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini
və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.47. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin
qorunması üçün tədbirlər görmək;
3.1.48. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə
elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.49. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə
yetirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı
hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin qəbul
olunması, aktlarda dəyişikliklər edilməsi, aktların şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi haqqında Nazirliyə təkliflər vermək;
3.2.2. Azərbaycan Respublikasının müvafiq sahədə beynəlxalq müqavilələrə
tərəfdar çıxması (qoşulması) barədə Nazirliyə təkliflər vermək;
3.2.3. qəza hadisələrinin baş verməsinə səbəb olan halların təhlili və
qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə, avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşımalarında baş vermiş inzibati və cinayət məsuliyyəti yaratmış hadisələr
barədə müvafiq orqanlardan (qurumlardan) məlumatlar əldə etmək;
3.2.4. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə
orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə
sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.5. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən
olunmuş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar,
müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.7. Agentliyin əməkdaşlarını dövlət təltiflərinə və digər
mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.8. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, Nazirliyin razılığı
ilə təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.9. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə
beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları
(qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.10. müvafiq sahəyə daxili və xarici investisiyaların cəlb edilməsi
və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək;
3.2.11. təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, habelə
analitik materiallar hazırlamaq;
3.2.12. müvafiq sahədə fəaliyyət göstərən subyektlər arasında
sorğular keçirmək və onların problemlərini araşdırmaq;
3.2.13. müvafiq sahədə hazırlıq və xüsusi hazırlıqdan keçmiş şəxslərə,
o cümlədən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasında iştirak edən
sürücülərə dair məlumat bazası yaratmaq;
3.2.14. müvafiq sahədə səlahiyyətləri daxilində yoxlamalar aparmaq,
icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər
görmək;
3.2.15. “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri
həyata keçirdiyi) halda həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət
rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutmaq;
3.2.16. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar
aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.17. müvafiq sahədə mövcud olan hüquqi aktların tələbləri, habelə
yeniliklər barədə məlumatlandırma, təbliğat işi aparmaq, məqalələr və innovativ
elmi tədqiqatlar dərc etmək, müxtəlif metodik vəsaitlər, jurnallar, xüsusi
bülletenlər, kitablar və digər nəşrlər buraxmaq;
3.2.18. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ
idarəetmə standartlarını tətbiq edir.
4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.
4.3. Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata
keçirir. İdarə Heyətinin tərkibi 4 (dörd) üzvdən – Azərbaycan Respublikası rəqəmsal
inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə
Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.
4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini
İdarə Heyəti sədrinin müəyyən etdiyi onun müavinlərindən biri icra edir.
4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.5.1. Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi,
habelə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün təsisçiyə təkliflər
vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə
dair illik hesabatı) təqdim etmək;
4.5.2. Agentliyin inkişaf istiqamətləri əsasında strateji məqsəd və
planlarını müəyyən etmək;
4.5.3. Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək;
4.5.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin
say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin,
mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən
Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər
fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə
sisteminin müəyyənləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
4.5.5. Nazirliyin razılığı ilə Agentliyin maliyyə planlaşdırmasını və
büdcəsini təsdiq etmək;
4.5.6. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin
yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və
nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən
maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və
nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini
Nazirliklə razılaşdırmaqla təsdiq etmək;
4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.5.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək
və audit hesabatını qəbul etmək;
4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə
dair tədbirlər görmək;
4.5.11. Agentlikdə daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək
və fəaliyyətinə dair hesabatlar almaq, habelə Nazirliyin razılığı ilə onun üzvlərini
vəzifəyə təyin və vəzifədən azad etmək;
4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin
25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin)
və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox
hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.13. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək
hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.5.14. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin
icrasına nəzarət etmək;
4.5.15. Agentliyə ayrılan büdcə vəsaitindən, kreditdən, qrantdan və
digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul
etmək;
4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə
tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
4.5.18. bütövlükdə Agentliyin və ya onun struktur bölmələrinin, o
cümlədən idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər
qurumların maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar
qəbul etmək;
4.5.19. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin və
ya təsisçinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar
vermək.
4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin
iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının
keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin
iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin
iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul
edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.7. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və
müzakirə olunmuş məsələlər üzrə qərarlar qəbul edilir, həmin qərarlar İdarə Heyətinin
sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.
4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət
olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri
sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün
maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları
haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə
dair səsvermədə iştirak etməməlidir.
4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri
iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin
razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.11. İdarə Heyətinin sədri:
4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil
edir;
4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, müavinləri və
struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır, iclasların
gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;
4.11.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü
ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı digər
üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə
dəvət edir;
4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi
olan daxili sərəncam və əmrlər verir;
4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş
aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin
say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin
strukturunu, tabeliyində olan qurumların ştat cədvəlini və xərclər smetasını
Nazirliklə razılaşdırmaqla təsdiq edir;
4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin,
mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində
təşkil edir;
4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla,
Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə
tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə
yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul
edir;
4.11.11. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə
uyğun istifadə olunmasına nəzarət edir;
4.11.12. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində
Agentliyin adından əməliyyatlar aparır, banklarda hesablaşma hesabı və digər
hesablar açır, müqavilələr bağlayır (o cümlədən işəgötürən qismində əmək
müqavilələrini imzalayır) və müqavilələrin yerinə yetirilməsini təmin edir;
4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik
rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər
görür;
4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin
edir;
4.11.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu
təmin edir.
4.12. İdarə Heyətinin üzvləri:
4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində
iştirak edirlər;
4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir
bildirirlər;
4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun
iclaslarında baxmaq barədə təkliflər verirlər;
4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə
tanış olurlar.
4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
5.1. Agentliyin nizamnamə fondunun məbləği 245 157 852,36 (iki yüz qırx beş milyon yüz əlli yeddi min səkkiz yüz əlli iki manat otuz altı qəpik) manatdır.
5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan,
həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən,
ianələrdən, kreditlərdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla
qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə
uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini
“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586
nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata
keçirir.
5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.
5.5. Agentlik “Dövlət rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətləri göstərdiyi (hüquqi hərəkətləri
həyata keçirdiyi) halda, həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət
rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur.
5.6. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər
üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.
6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik və bu Nizamnamə ilə müəyyən
edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.
6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.
7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada
mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim
edir.
7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin,
habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar
auditor cəlb edir.
Agentliyin yenidən təşkilini
və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.