“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb
11 May, 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təşkilatçılığı ilə Nəqliyyat Təlim və Tədris Mərkəzində “100 yeni beynəlxalq sürücü” layihəsinin icrasına başlanılıb. Layihə bu yaxınlarda təsdiq edilən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.
Məqsəd beynəlxalq daşımalar sahəsində peşəkar sürücü kadrlarının hazırlanması, daşımaların təhlükəsizliyi və sahənin rəqabətqabiliyyətliyinin artırılmasıdır. Layihənin əsas hədəfi beynəlxalq standartlara əsaslanan təcrübənin əldə edilməsi, peşəkarlıq səriştəsi yüksək olan sürücülərin sayının artırılması və işsiz sürücülərin işlə təmin olunmasına kömək göstərilməsidir.
Təlimlərdə C, C1E, CE kateqoriyasına malik hazırda işsiz olan sürücülər ödənişsiz olaraq iştirak edə biləcəklər. Sürücülərin təhsil haqlarını Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ödəyəcək. Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Dövlət Məşğulluq Agentliyi arasında razılaşmaya əsasən, təlim müddətində peşə hazırlığına cəlb olunan işsiz şəxslərə müvafiq qaydada təqaüd veriləcək və onların nəqliyyat xərclərinin ödənilməsi təmin olunacaq.
“100 yeni sürücü” layihəsi əmək bazarının tələblərinə cavab verən tədris proqramı və təlim materialları əsasında nəzəri və praktiki hissələr üzrə müasir tədris auditoriyalarında, təlim meydançasında keçiriləcək. Tədris prosesinə Azərbaycanın ali təhsil müəssisələrinin yüksək ixtisaslı, təcrübəli müəllim və dosentləri, həmçinin təlim ustaları cəlb olunublar.
Təlimlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismar xüsusiyyətləri və buna dair tələblər barədə məlumatlar veriləcək. Eyni zamanda yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri izah olunacaq. Sürücülər yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım barədə biliklər əldə edəcəklər.
Sonda sertifikat alan sürücülərin işlə təmin olunmasına kömək göstəriləcək. Belə ki, sürücülər haqqında məlumat bazası formalaşdırılacaq. Bu məlumatlar həm Dövlət Avtomobil Nəqliyyatı Xidməti, həm də ABADA vasitəsilə milli daşıyıcılara təqdim ediləcək.
Digər xəbərlər
07 Sentyabr, 2026
M2 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılıb
04 Sentyabr, 2026
Yarışla əlaqədar müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
04 Sentyabr, 2026
32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
04 Sentyabr, 2026
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
04 Sentyabr, 2026
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik olunur