“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
16 Oktyabr, 2026
Sərnişin axınının səmərəli
idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Belə ki, metronun “20 Yanvar” stansiyasının ətrafında və
“Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin
optimallaşdırılması aparılaraq sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi
təmin ediləcək.
Bu məqsədlə oktyabrın 19-dan 114A, 114B, 500, 503 və
508 nömrəli marşrutlar Sumqayıt istiqamətində “20 Yanvar” metrostansiyasının
yaxınlığında, Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanında mövcud
olan dayanacaq məntəqəsindən çıxarılır.
114A və 114B nömrəli marşrutların sərnişinləri
avtobuslara “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki
çıxışında (ADSEA binasının qarşısında) mövcud olan başlanğıc dayanacaq məntəqəsində
minə bilərlər. Bu marşrutların Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində
növbəti dayanacaq məntəqəsi Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov
zavodu” ilə üzbəüz) təyin edilib.
500, 503 və 508 nömrəli marşrutların sərnişinləri isə
metronun “20 Yanvar” stansiyasının Sumqayıt istiqamətində olan çıxışında,
Moskva prospekti 6 (594 nömrəli ekspes marşrutunun mövcud dayanacağı)
ünvanındakı dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Bu marşrutların Sumqayıt
şəhəri istiqamətində növbəti dayanacağı “Şamaxinka” adlanan ərazidə (“Alov
zavodu” ilə üzbəüz) mövcud olan məntəqədir.
Həmçinin 156, 156A və 170 nömrəli
marşrutların sxemində dəyişiklik edilərək Hökməli və Binəqədi qəsəbələri
istiqamətində hərəkəti Əli Tağızadə küçəsi ilə təmin ediləcək. Hər üç marşrut
Moskva prospektində, “Şamaxinka” adlanan ərazidə (“Alov zavodu” ilə üzbəüz) dayanacaq
məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri Əli Tağızadə küçəsindəki
“2 saylı poçt filialının 134 saylı poçt şöbəsi” yaxınlığında olan dayanacaq məntəqəsindən
istifadə edə bilərlər.
Qeyd edək ki, şəhərin müxtəlif istiqamətlərindən “20
Yanvar” metrostansiyasına və “Şamaxinka” adlanan əraziyə gələnlər və yollarını
Sumqayıt şəhəri istiqamətində davam etdirmək istəyənlər avtobuslara Moskva
prospekti 6 ünvanında (metronun Sumqayıt istiqamətində olan çıxışında), yaxud “Şamaxinka”da
“Alov zavodu” ilə üzbəüz məntəqədə minə bilərlər.
Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində
getmək istəyənlərə isə “20 Yanvar” metrostansiyasının Müzəffər Həsənov küçəsindəki
çıxışında (ADSEA binasının qarşısında), yaxud “Şamaxinka” adlanan ərazidəki
(“Alov zavodu” ilə üzbəüz) dayanacaq məntəqəsindən istifadə etmək tövsiyə
olunur.
Həyata keçirilən tədbirlər paytaxtın yol-nəqliyyat
infrastrukturunda hərəkətin səmərəliliyinin artırılmasına, ictimai nəqliyyatın
hərəkətinin sürətləndirilməsinə və sərnişinlərin mənzil başına daha rahat
çatdırılmasına xidmət edir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
12 Oktyabr, 2026
Futbol oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir