141

Əsas Xəbərlər

Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib

Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib

22 Sentyabr, 2026

Avropa Mobillik Həftəsi çərçivəsində Bakıda silsilə tədbirlər keçirilib


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərinin “Avropa Mobillik Həftəsi” təşəbbüsündə iştirakı üçün müraciət edib və şəhərin namizədliyi uğurla təsdiqlənib.

16–22 sentyabr tarixlərini əhatə edən Avropa Mobillik Həftəsi çərçivəsində AYNA tərəfindən şəhər mobilliyi, dayanıqlı nəqliyyat və alternativ hərəkətlilik imkanları ilə bağlı bir sıra maarifləndirici tədbirlər və təşəbbüslər həyata keçirilib.

Həftə çərçivəsində Bakı Avropa Liseyində informasiya sessiyası təşkil olunub. Eyni zamanda Azərbaycan Dillər Universitetində tələbələr üçün informasiya sessiyası və təlim keçirilib. Təlimlər zamanı şəhər mobilliyi və nəqliyyat sahəsi ilə bağlı məlumatlar təqdim olunub, tələbələrin sualları cavablandırılıb.

Avropa Mobillik Həftəsi çərçivəsində AYNA və “APAR” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda veloyürüş də keçirilib. Şəhidlər Xiyabanından start götürən yürüş velosiped zolağı boyunca davam edərək Hüseyn Cavid parkında musiqili və əyləncəli proqramla yekunlaşıb.

Həftə çərçivəsində keçirilən tədbirlərdən biri də “Avtomobilsiz Gün” olub. Tədbir çərçivəsində Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanaraq saat 10:00-dan 20:00-dək şəhər sakinlərinin ixtiyarına verilib.

“Avtomobilsiz Gün” çərçivəsində yaradılan mikromobillik zonasında APAR, JET, WINGS və Toba Bike şirkətlərinin stendlərində müxtəlif növ velosiped və skuterlər nümayiş olunub, iştirakçılara test sürüşləri və təhlükəsiz idarəetmə üzrə təlimlər keçirilib.

Ərazidəki müxtəlif guşələrdə uşaqlar üçün ustad dərsləri və idman oyunları, böyüklər üçün isə əyləncəli və interaktiv oyunlar təşkil olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da tədbirə töhfə verərək iştirakçılar üçün müxtəlif fəaliyyətlər təşkil edib.

“Avtomobilsiz Gün”ün əsas məqsədi şəhər mobilliyində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyi ilə bağlı məlumatlılığın artırılmasıdır.

22 sentyabr tarixində isə Avropa Mobillik Həftəsi çərçivəsində “Davamlı Şəhər Hərəkətliliyi: İctimai Nəqliyyat və Mikromobilliyin İnteqrasiyası” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə şəhərdaxili nəqliyyat sıxlığının azaldılması, ictimai nəqliyyat və mikromobilliyin inteqrasiyası, infrastrukturun inkişafı, piyada hərəkətliliyinin təşviqi və yol hərəkəti təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Panel mazakirəsində AYNA-nın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, eləcə də nəqliyyat ekspertləri iştirak ediblər. Tədbirdə şəhər mobilliyinin inkişafı, ictimai nəqliyyatın səmərəliliyinin artırılması, mikromobillik infrastrukturunun genişləndirilməsi, gənclər arasında mikromobillik mədəniyyətinin təşviqi və təhlükəsiz hərəkət mühiti kimi mövzular müzakirə olunub.

Avropa Mobillik Həftəsi çərçivəsində keçirilən tədbirlər ümumilikdə davamlı hərəkətliliyin təşviqinə, alternativ nəqliyyat vasitələrindən istifadənin artırılmasına və şəhər mobilliyi ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsinə yönəlib.

 

Xəbəri sosial platformalarda paylaş: