Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar
respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin
nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31
may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası
və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar
tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə
uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək
sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl
üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və
avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində
və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə
buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik
qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə
lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin
avtovağzalların kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, hazırda portalda 58 məntəqəyə 94
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 361 reys
olmaqla 409 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin
təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir
sıra üstünlüklərə malikdir.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil
başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə
etmələri tövsiyə olunur.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb
22 May, 2026
Daha bir ünvanda ödənişsiz parklanma məntəqələri və minib-düşmə yerləri yaradılıb