AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib
10 Noyabr, 2024
Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik tələblərin təmin edilməsi istiqamətində inovativ texnologiyaların tətbiqini daima nəzarətdə saxlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib.
Noyabrın 4-də təşkil olunan mediaturda kütləvi informasiya vasitələrinin nümayəndələrinə paytaxtın Qaradağ rayonunda quraşdırılan elektron tərəzilərin iş prinsipi və Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.
AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır. Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan tanıyır.
Media nümayəndələri elektron tərəzilərin texniki göstəriciləri ilə tanış olmaq üçün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 47,9-cu kilometrindəki məntəqəyə səfər ediblər. Qeyd edək ki, yeni texnologiyaların tətbiqi yol infrastrukturunun qorunması və təhlükəsizlik tələblərinin təmin edilməsinə yönəlib. Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda ümumilikdə 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlər davam edir.
Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manatadək nəzərdə tutulub.
Mediaturun sonunda jurnalistlərin sualları cavablandırılıb.
Digər xəbərlər
29 Iyul, 2026
92 və 202 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
27 Iyul, 2026
195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
27 Iyul, 2026
161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib
23 Iyul, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
23 Iyul, 2026
İlk dəfə olaraq ölkədaxili sifarişli sərnişin və yükdaşıma sürücüləri təlimlərə cəlb edilirlər