Azərbaycan və Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə əməkdaşlıq genişlənir
10 Aprel, 2026
Aprelin 8–9-da Bakıda
Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları
üzrə Qarışıq Komissiyanın növbəti iclası keçirilib.
İclas çərçivəsində iki
ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti
və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Görüş zamanı beynəlxalq
yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq
ikitərəfli və tranzit daşımalar üçün 10 000 ədəd, üçüncü ölkəyə/ölkədən
daşımalar üçün isə 2 500 icazə blankının mübadiləsi barədə razılıq əldə olunub.
Statistik göstəricilərin
təhlili və artan yük axını nəzərə alınaraq, 2027-ci il üzrə icazə blanklarının
ilkin illik kvotası ikitərəfli və tranzit daşımalar üzrə 18 faiz artırılaraq 65
000 ədədə, üçüncü ölkəyə/ölkədən daşımalar üzrə isə 50 faiz artırılaraq 7 500 ədədə
çatdırılıb.
Tərəflər avtomobil nəqliyyatı
sahəsində ikitərəfli əməkdaşlığın dinamik inkişafını, həmçinin son dövrdə beynəlxalq
yük daşımalarının həcmində əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd ediblər.
Bununla əlaqədar, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının fasiləsiz
və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə əlavə tədbirlərin görülməsinin
zəruriliyi vurğulanıb.
Bildirilib ki, Azərbaycan
tərəfi Türkiyə, Özbəkistan və Qırğızıstan ilə elektron icazə sisteminin
(e-permit) tətbiqini uğurla həyata keçirir, Qazaxıstan ilə isə bu sistemin tətbiqi
üzrə işlər yekun mərhələdədir.
Gürcüstan ilə mübadilə
edilən icazə blanklarının elektronlaşdırılması məqsədilə e-permit sisteminin tətbiqi
məqsədəuyğun hesab edilib. Bu istiqamətdə sistemin tətbiqinin sürətləndirilməsi
üçün mayın 1-dən birgə texniki işçi qrupunun yaradılması və müvafiq işlərə
başlanılması barədə razılıq əldə olunub.
İclasın yekununa dair müvafiq protokol imzalanıb.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb