Azərbaycanla Gürcüstan arasında beynəlxalq yük daşımalarında elektron icazə sisteminin tətbiqinə başlanılıb
22 Iyul, 2026
Azərbaycanla Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.
Bu barədə razılıq cari ilin
8–9 aprel tarixlərində Bakıda, Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri
üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya uyğun olaraq, hər
iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrupu 1 may
tarixindən etibarən sistemin inteqrasiyası istiqamətində texniki işlərə
başlayıb və proses uğurla başa çatdırılıb.
İnteqrasiya prosesinin
tamamlanmasından sonra tərəflər arasında elektron icazə blanklarından istifadə
edilməklə ilk pilot daşımalar uğurla həyata keçirilib. Pilot mərhələsinin müsbət
nəticələrinə əsasən, sistemin aktiv tətbiqinə başlanılması məqsədilə tərəflər
arasında ilkin olaraq 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd
üçüncü ölkə elektron icazə blankı mübadilə edilib və həmin elektron icazə
blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.
Bununla da Gürcüstan Azərbaycanın
elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Bundan əvvəl
elektron icazə sistemi Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan ilə
uğurla tətbiq edilirdi.
Daşıyıcılar e-xidmet.ayna.gov.az portalına daxil olmaqla elektron icazə blanklarını olduqları yeri tərk etmədən,
günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər. Bu, daşıyıcılara
icazə blanklarını istənilən vaxt məsafədən əldə etmək imkanı yaratmaqla yanaşı,
xidmətlərin operativliyini daha da artırır.
Elektron icazə sisteminin tətbiqi
icazələrin əldə edilməsini sürətləndirir, inzibati prosedurları sadələşdirir,
kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq yük daşımalarında rəqəmsallaşmanın
genişləndirilməsinə xidmət edir.
Digər xəbərlər
13 Avqust, 2026
6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayır
12 Avqust, 2026
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub
11 Avqust, 2026
Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
10 Avqust, 2026
9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
10 Avqust, 2026
Bakıda mikromobillik vasitələri ilə 18 milyon km-ə yaxın məsafə qət edilib