Bakıda velosiped yolları test edildi
17 Oktyabr, 2024
Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın mərkəzi küçələrində yeni velosiped yollarının salınması işini uğurla davam etdirir. AYNA tərəfindən təşkil edilən son mikromobillik zolaqlarından biri də 28 May küçəsindəki yollardır. Yeni zolaqları test etmək məqsədilə AYNA və “Apar” şirkətinin dəstəyi, “Pedalçı” şirkətinin təşkilatçılığı, “Sürəyənlər” klubunun üzvləri və blogerlərin iştirakı ilə paytaxtda veloyürüş təşkil edilib.
Böyük marağa səbəb olan yürüşün başlanğıc nöqtəsi Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsi seçilib. Veloyürüşü 28 May küçəsi ilə davam etdirən iştirakçılar marşrut üzrə uzunluğu 2 kilometrə yaxın yol qət edərək finiş xəttinə çatıblar.
Yürüşdə iştirak edən peşəkar velosipedçilər bu qəbildən olan tədbirlərin mikromobillik vasitələrinin qısa məsafələr üçün alternativ və səmərəli alət kimi istifadəsinin təşviqi baxımından əhəmiyyətini qeyd edib, Bakıda mikromobillik zolaqları şəbəkəsinin daha da genişləndirilməsi planlarını dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, mikromobillik vasitələrinin ətraf mühitə və sağlamlığa müsbət təsiri, eləcə də qısa məsafələrə səfər üçün effektiv olduğu barədə əhalinin daha çox məlumatlandırılması məqsədilə təşkil olunan bu kimi layihələri dəstəkləyən AYNA gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, mikromobillik vasitələrindən istifadə edərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə yol nişanlarına və işıqforların tələbinə riayət, gecə hərəkət edərkən işıqqaytarıcı geyimlər və reflektorlardan istifadə, hərəkət zamanı telefonla oynamamaq, hərəkət vasitələrinin texniki vəziyyətini müntəzəm yoxlamaq vacibdir.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir