Bayram günlərində avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
24 Dekabr, 2025
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı
şəkildə təmin edilməsi məqsədilə 29 dekabr – 4 yanvar tarixlərində respublikanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində
fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar
üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının
təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada
satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların
təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.
Bayram ərəfəsində və bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə
buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik
qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Bu məqsədlə AYNA-nın əməkdaşları Bakı
Beynəlxalq Avtovağzal Kompleksinə, eyni zamanda, digər şəhər və rayonların
avtovağzal və avtostansiyalarına təhkim ediləcəklər.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi
sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Biletləri
avtovağzal və avtostansiyaların kassalarından, həmçinin “biletim.az” portalından onlayn qaydada əldə etmək
mümkündür. Hazırda “biletim.az” portalında 56 məntəqə, 86
istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 347 reys olmaqla 395 nəqliyyat
vasitəsi qoşulub.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil
başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə
etmələri tövsiyə olunur.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir