Bu ilin I rübündə mikromobillik vasitələri ilə 1 milyon km-dən çox yol qət edilib
09 Aprel, 2026
Mikromobillik infrastrukturunun inkişafı istiqamətində
görülən işlər, şəhər konsepsiyası üzrə mikromobillik zolaqları şəbəkəsinin
genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən
istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.
2026-cı ilin ilk 3 ayı ərzində Bakı şəhəri üzrə
mikromobillik vasitələri 676 907 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Xüsusilə velosipedlərin sifarişində nəzərəçarpacaq
dərəcədə artım qeydə alınıb. Belə ki, ötən ilin ilk rübündə velosiped 49 082 dəfə
sifariş olunduğu halda, bu ilin müvafiq dövründə 188 847 dəfə sifariş
edilib ki, bu da 4 dəfə çoxdur.
Eyni zamanda, velosipeddən istifadə edənlərin sayı
da 4 dəfə artaraq 86 445 nəfər təşkil edib.
Cari ilin yanvar-mart aylarında alternativ nəqliyyat
növü kimi mikromobillik vasitələrindən istifadə edənlərin sayı 344 201 nəfərdir.
Bu, 2025-ci ilin ilk 3 ayının göstəricilərindən 1,5 dəfə çoxdur.
Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş
istifadə edilən velosiped və skuterlərlə bu ilin 3 ayında 1 345 398 kilometr yol
qət edilib. Bu, ötən illə müqayisədə 1,4 dəfədən çoxdur.
Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə
dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərindən istifadə edənləri
də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.
Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi üçün mikromobillik infrastrukturu genişləndirilir.
Hazırda mikromobillik zolağının ümumi uzunluğu 60,5
kilometr təşkil edir. Şəbəkənin uzunluğunun 100 kilometrə çatdırılması
planlaşdırılır. Görülən işlər çərçivəsində skuterlər üçün 872, velosipedlər
üçün isə 623 parklanma məntəqəsi təşkil edilib. Hazırda icarəyə verilən skuter
sayı 4240, velosiped sayı isə 2200-dür.
Əhali arasında mikromobillik vasitələrinə artan
marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mikromobillik, nəqliyyat
sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artırılması və
sağlam həyat tərzi baxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhər
konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsinin genişləndirilməsi
davam etdiriləcək.
Digər xəbərlər
16 Aprel, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
15 Aprel, 2026
2, 3 və 4 aprel 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
14 Aprel, 2026
Sürücülərin iş və istirahət rejiminin təmin edilməsi istiqamətində mühüm addım atılıb
13 Aprel, 2026
AYNA “Gəncə KOB evi”ndə sahibkarlara xidmət göstərir
13 Aprel, 2026
AYNA Naxçıvanda təlimlərə başlayıb