Füzuli istiqamətində şəhərlərarası ilk müntəzəm avtobus marşrutu istifadəyə verildi
28 Iyun, 2022
Bu gün Bakı – Füzuli – Bakı istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib. İlk avtobus səhər saat 07:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.
Sərnişinlər yol boyu dağıdılmış kəndləri, məhv edilmiş infrastrukturu müşahidə ediblər. 5 saatdan sonra sərnişinlər uzun illər həsrətində olduqları Füzuliyə çatıblar. Onlar 30 il əvvəl tərk etdikləri doğma yurdlarının erməni vandalizmi nəticəsində tanınmaz hala düşdüyünün şahidi olublar. Xalqımızın tarixi, mədəni irsini Yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilən terror erməni vəhşiliyinin heç bir sərhəd tanımadığını bir daha nümayiş etdirir.
Vətəndaşlar bələdçinin müşayiəti ilə əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Merdinli kənd məscidini, Füzuli şəhər mərkəzini və Füzuli Beynəlxalq Hava Limanını, Qarğabazar Karvansaray kompleksini ziyarət ediblər.
Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mina təhlükəsizliyi ilə bağlı təqdim etdiyi videoçarxlar nümayiş etdirilir. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdirilib. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 206 reys həyata keçirilib. 8857 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı http://www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Digər xəbərlər
06 Noyabr, 2026
Avtobuslardan istifadə rekord həddə çatıb
05 Noyabr, 2026
"Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb
05 Noyabr, 2026
203 nömrəli marşrutun avtobusları yenilənir
04 Noyabr, 2026
Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq
03 Noyabr, 2026
195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir