-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
Mikromobillik şəbəkəsinin genişləndirilməsi müzakirə olunub
19 Mart, 2025

“Mikromobillik
şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər” mövzusunda növbəti
ictimai dinləmə təşkil olunub. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
mütəxəssisləri, ekspertlər və media nümayəndələri mikromobillik şəbəkəsinin genişləndirilməsi,
infrastrukturun inkişafı və təşviqi üzrə görülmüş işlər, qarşıda duran vəzifələr
ətrafında fikir mübadiləsi aparıblar.
AYNA-nın
mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov təqdimatla çıxış edib. Yeni
çağırışların müasir şəhər mühitinin daha çox vətəndaşyönümlü olması,
mikromobillik vasitələrindən istifadənin təşviq edilməsi olduğunu bildirib. Qeyd
edilib ki, bu tendensiyalar nəzərə alınaraq, AYNA tərəfindən mikromobillik şəbəkəsinin
genişləndirilməsi əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Bu
zaman beynəlxalq təcrübə də nəzərə alınıb.
Məlumat
verilib ki, hazırda paytaxtda velosiped və skuterlər üçün 360-dan çox parklanma
məntəqəsi yaradılıb, 35 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. Son
belə zolaq Bəxtiyar Vahabzadə küçəsində təşkil olunub. Bu küçədə mikromobillik
zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
İştirakçıların
diqqətinə çatdırılıb ki, yaxınlıqda yerləşən digər küçələrdə də mikromobillik
zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud
mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq
sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək.
Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də
yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı
salınarkən sahibkarların maraqları qorunaraq avtomobillər üçün parklanma məntəqələri
təşkil edilir. İstifadəçilərin təhlükəsizliyinin
təmin olunması üçün qısa zamanda zolaq boyu təhlükəsizlik sədləri
quraşdırılacaq.
Tədbirdə
əhali arasında velosipeddən və skuterlərdən istifadəyə marağın artdığı qeyd edilib. Bildirilib
ki, bu nəqliyyat növünün geniş istifadəsi mobillik, nəqliyyat sıxlığının
azaldılması, ətraf mühitin qorunması, fiziki fəallığın artması və sağlam həyat
tərzi baxımından əhəmiyyətlidir. Bunu nəzərə alan AYNA şəhər konsepsiyası çərçivəsində
mikromobillik zolaqları şəbəkəsini daha da genişləndirməyi hədəfləyib. Məqsəd
xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti
iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir.
Müzakirələr
zamanı qeyd olunub ki, AYNA mikromobilliyin təşviqi işinə xüsusi diqqət göstərir.
Məlumatlandırma çərçivəsində mikromobilliyin əhəmiyyəti haqqında mütəmadi
marifləndirmə işləri aparılır, tədbirlər, operatorlarla birgə mikromobillik
vasitələrinin istifadə qaydalarına dair ödənişsiz təlimlər, eləcə də, müxtəlif
ictimai təşkilatlarla birlikdə maraq qrupları, peşəkar və həvəskar velosipedçilər
üçün velosiped turları təşkil edilir. Peşəkar velosipedçilər və digər maraqlı tərəflərlə
davamlı əməkdaşlıq həyata keçirilir, əhali arasında mikromobilliklə bağlı rəy
sorğuları təşkil olunur.
Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat məsələləri
üzrə ekspert Rauf Ağamirzəyev
mokromobillik zolaqları salınandan əvvəl və sonra velosipedçilərin
iştirakı ilə qəzaların statistikası barədə sual verib. AYNA-nın mikromobillik
şöbəsinin müdiri Coşqun Məmmədov bildirib ki, velosiped zolaqları salınandan
sonra quruma belə hadisələrin baş verməsi barədə müraciət daxil olmayıb. Ekspert
bunu müsbət hal kimi qiymətləndirib.
Azərbaycan
Velosiped Federasiyasının üzvü Səhər Mehman da yeni salınan mikromobillik zolaqlarının
təhlükəsizliyi məsələsinə toxunub. O, velosipedçilərin bu zolaqlara etibar
etdiklərini, onların günün müxtəlif saatlarında mikromobillik zolaqlarından
aktiv istifadə etdiklərinin müşahidə olunduğunu bildirib.
Dinləmə
zamanı ekspertlər və media nümayəndələrini maraqlandıran digər suallar da
cavablandırılıb, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Bildirilib ki, alternativ nəqliyyat vasitələrinə çevrilən velosiped və elektrik
skuterlərindən istifadənin təşviqi, onlar üçün yaradılan xüsusi zolaqların yol
infrastrukturuna inteqrasiyası, müvafiq şəbəkənin daha da genişləndirilməsi
ümumilikdə şəhərdə mobilliyin artırılması, ekoloji mühitə və əhalinin
sağlamlığına müsbət təsiri baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub
ki, qurumun fəaliyyət istiqamətlərinə dair müxtəlif mözularda dinləmələrin
keçirilməsi davam etdiriləcək.
Digər xəbərlər
19 Mart, 2025
Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
18 Mart, 2025
8 avtobus marşrutunun hərəkət sxemi bərpa olunub
18 Mart, 2025
Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil edilib
17 Mart, 2025
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
13 Mart, 2025
Fərqlənmə nişanları yalnız onlayn qaydada veriləcək