Qadın avtobus sürücüləri vəzifələrinin icrasına başlayıblar
24 Noyabr, 2025
İctimai nəqliyyatda qadın
sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində
xanım namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri
və praktiki cəhətdən hazırlıq keçiblər.
Təlimlər sürücülük bacarıqları
ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə
edib.
Təlim müddətində iştirakçılar
baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə
cəlb olunublar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə,
arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün
seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edib. Eyni zamanda,
sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə
bağlı vacib bacarıqlar qazanıblar.
İştirakçılar xüsusi
hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından da keçiblər.
Xanım namizədlər “BakuBus” MMC-də sürücü kimi fəaliyyətə
başlamaq üçün müraciət ediblər. Müraciətlər daxil olduqdan sonra namizədlər işə
qəbul prosesi çərçivəsində tibbi müayinədən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik
üzrə uyğunluq yoxlamasından keçiblər. Bütün mərhələlərı uğurla
tamamladıqdan sonra onlar “BakuBus” MMC-də sürücü kimi rəsmi şəkildə işə qəbul
olunublar.
İşə qəbul mərhələsində xanımlar üçün “Ehtiyatlı
idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib. Təlim
zamanı sürücülərə sükan arxasında yarana biləcək faktiki və potensial təhlükə
situasiyalarına düzgün reaksiya, fövqəladə manevr bacarıqları və təhlükəsiz hərəkət
prinsipləri öyrədilib.
Noyabrın 24-dən isə xanım
sürücülər rəsmi şəkildə fəaliyyətə başlayıblar. İlk müddətdə onların fəaliyyətinə
təcrübəli mentor-sürücülər tərəfindən dəstək göstərilir.
Digər xəbərlər
10 Aprel, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Aprel, 2026
Azərbaycan və Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları üzrə əməkdaşlıq genişlənir
09 Aprel, 2026
“AYNA MaaS”da funksional yeniliklər tətbiq edilib
09 Aprel, 2026
Bu ilin I rübündə mikromobillik vasitələri ilə 1 milyon km-dən çox yol qət edilib
08 Aprel, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfəyədək artıb