Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yol hərəkəti yenidən təşkil ediləcək
29 Yanvar, 2026
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihə
icra edilir. Belə ki, proqramda paytaxtın şimal girişi sayılan və böyük önəm kəsb
edən həm Tbilisi, həm də Moskva prospektləri üzrə bir neçə ərazidə işlərin
icrası nəzərdə tutulub. Artıq “Şamaxinka” adlanan ərazidə və Tbilisi
prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihələr icra
olunur.
Növbəti mərhələdə Tbilisi prospektinin daha bir
problemli hissəsində “Rəqəmsal əkiz” vasitəsilə təhlillər aparılıb və həllər təklif
olunub. Prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində
mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi
sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat
axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni
zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin
olunmur.
Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə
yol infrastrukturunda dəyişikliklər icra ediləcək. Belə ki, sola dönən nəqliyyat
vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi "cib" tipli
zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər
ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz
və sürətli şəkildə yollarına davam edə biləcəklər.
Bundan əlavə, Tbilisi prospekti və Həsən Əliyev küçəsinin
kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi
nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir.
Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini
təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq
qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə
çatdıracaq.
Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı
üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.
Həyata keçirilən bu kompleks tədbirlər sözügedən
yol qovşağında qarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə
və şəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.
Layihə barədə videoçarxda tanış ola bilərsiniz:
Digər xəbərlər
11 Fevral, 2026
2 və 3 fevral 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
11 Fevral, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Fevral, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Fevral, 2026
206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək
06 Fevral, 2026
AYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib