Təbriz küçəsi daha rahat və təhlükəsiz hərəkət məkanına çevriləcək
08 Iyun, 2026
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına
uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması davam etdirilir.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik
istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına
başlanılır.
Aparılan təhlillərə əsasən, Təbriz küçəsində
piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin
bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin
olmaması piyadaların hərəkətini çətinləşdirir.
Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit
axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini
azaldır, nəqliyyatın və piyadaların hərəkətinə mənfi təsir göstərir. Küçədə
mikromobillik vasitələrinin hərəkəti üçün infrastruktur da mövcud deyil.
İctimai nəqliyyatdan istifadə edən sərnişinlər də
bir sıra çətinliklərlə üzləşir. Dayanacaq məntəqələrinin yerləşdiyi ərazilərdə
səkilərin dar olması, infrastrukturun zəif təchiz edilməsi və bəzi
dayanacaqların qeyri-optimal yerləşməsi mövcud vəziyyəti mürəkkəbləşdirir.
Mövcud çatışmazlıqları aradan qaldırılmaq məqsədilə
Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən Təbriz küçəsində piyada və ictimai nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Layihə çərçivəsində metronun “Nəriman Nərimanov”
stansiyasının ətrafında piyada və nəqliyyat axını nəzərə alınaraq avtobuslar
üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq
və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Küçənin xiyaban tipli səki hissəsində piyada
axınlarının daha rahat idarə olunması, səkinin genişləndirilməsi ilə hərəkət şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbir görüləcək.
Bakı Konqres Mərkəzinin yaxınlığında təhlükəsiz
piyada keçidlərinin təşkili, ağaclardan ibarət bufer zolağının yaradılması və
parklanma sahəsinin təşkil edilməsi hesabına ərazinin cəlbediciliyi artırılacaq.
Görüləcək işlər nəticəsində Təbriz küçəsində
piyadaların təhlükəsizliyi və rahatlığı artırılacaq, ictimai nəqliyyata əlçatanlıq
yaxşılaşacaq, küçə məkanı daha funksional və müasir şəhər mobilliyi prinsiplərinə
uyğun şəkildə formalaşdırılacaq.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir