Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı yeni layihələr həyata keçiriləcək
03 Mart, 2026
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”nın hədəflərindən olan infrastrukturun təkmilləşdirilməsi, alternativ
nəqliyyat həllərinin təşviqi və ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi
çərçivəsində mövcud problemlərin aradan qaldırılması üçün mühüm addımlar
atılır.
Məlum olduğu kimi, Bakıətrafı ərazilərin bəzilərində
sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi
sakinlərin tələbatını ödəmir. Son illərdə Xırdalan şəhərində əhali sayının sürətlə
artması və məskunlaşmanın genişlənməsi əsas yollara düşən yükü daha da
ağırlaşdırıb. Təkcə bu ərazidə 300 000-dən çox insan yaşayır.
Hazırda Xırdalan sakinlərinin M1 – Bakı-Sumqayıt
yoluna bir neçə giriş-çıxışı mövcud olsa da, bu, yaranmış böyük tələbatı qətiyyən
ödəmir, eyni zamanda, M1 yolunu yükləyir. Ərazi ətrafından keçən dəmir yolu xətti
və sözügedən ərazinin şimal-qərb hissəsində yerləşən Ceyranbatan su anbarı yeni
yolların salınmasına fiziki olaraq mane olur. Məhz bu məhdudiyyətlər səbəbindən sərnişinlər və sürücülər alternativ çıxışlar olmadığından istənilən
istiqamətə getmək üçün onsuz da yüklü olan M1 magistral yoluna çıxmalı və əlavə
olaraq Xırdalan şəhəri daxilində də sıxlıq səbəbindən yolda uzun vaxt keçirməli
olurlar.
Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4 –
Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər
inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə
məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar
yaradılacaq.
Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu
stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu
stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında
müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm
dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın
əhatə dairəsini genişləndirəcək.
Qeyd edilən irimiqyaslı infrastruktur layihələri
Xırdalan şəhərinə yeni nəfəs və hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə
də Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə,
həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm
alternativlər formalaşdıracaq.
Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin
tənzimlənməsi məqsədilə Xırdalan şəhəri - M1 - Masazır-Novxanı yolunu birləşdirən
yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi
və M1 – Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə
çıxışın təşkili həyata keçiriləcək.
Hazırda sözügedən layihələrin hazırlanması həyata
keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb.
Ümumilikdə, bu layihələrin 2027–2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.
Ətraflı: https://www.youtube.com/watch?v=7nE5GyD7X9g
Digər xəbərlər
16 Mart, 2026
Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində icra olunan layihə yekunlaşır
16 Mart, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
13 Mart, 2026
83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
12 Mart, 2026
Mikromobillik vasitələrindən istifadə edənlərin sayı 2 dəfədən çox artıb
10 Mart, 2026
“Biletim.az” portalı üzərindən onlayn bilet satışı 2 dəfə artıb