Xüsusi hərəkət zolaqlarının əlaqələndirilməsi həyata keçirilir
24 Oktyabr, 2025
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili və əlaqələndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindən sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.
Yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib. Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub.
Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində bu avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda qalmayaraq rahat daşınması həyata keçirilir.
Məlumat üçün bildirək ki, gündəlik Xırdalan şəhəri və Masazır qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.
Eyni zamanda, görülən işlər çərçivəsində Tbilisi prospektində mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və əlaqəlilik təmin edilib. Belə ki, prospektin “20 Yanvar” dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə sıxlıqda qalmasının qarşısı alınıb.
Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub. Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq qalıb.
Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5 müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçir və bu avtobuslarla 35 000-dək sərnişin daşınır.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Digər xəbərlər
15 Iyul, 2026
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
15 Iyul, 2026
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
15 Iyul, 2026
39 nömrəli marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
14 Iyul, 2026
172 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
10 Iyul, 2026
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir