“Yaşıl” nəqliyyata keçid ekoloji yükü azaldır
05 Iyun, 2025
İyunun
5-i bütün dünyada Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən
təsis edilib və diqqəti ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır.
Ekoloji
tarazlığa təsir edən amillərdən biri də şübhəsiz ki, avtomobil nəqliyyatıdır. Hazırda
yer üzündə təxminən 1,5 milyard
avtomobil istifadə edilir. Avtomobil nəqliyyatı havanın çirklənməsinin əsas mənbələrindən
biri olmaqla ekologiyaya
əhəmiyyətli dərəcədə təsir göstərir.
Ölkəmizdə
avtomobil nəqliyyatı ilə bağlı qayda və tələblərə nəzarəti həyata keçirən Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin missiyası həm də dayanıqlı, ekoloji təmiz, səmərəli
yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etməkdir.
Nəqliyyatda karbon emissiyalarının azaldılması
iqlim dəyişikliyi ilə mübarizənin əsasını təşkil edir və buna yalnız kompleks tədbirlərlə
nail olmaq olar. Söhbət yaşıl nəqliyyat növlərinə keçiddən, piyadalar və mikromobillik
vasitələri üçün yol infrastrukturunun yaradılmasından, eləcə də ictimai nəqliyyata
marağın artırılmasından gedir.
Bakıda tam olaraq “yaşıl” ictimai nəqliyyata keçid
qarşıda duran əsas vəzifələrdəndir. Paytaxtın avtobus şəbəkəsində 166 elektriklə
işləyən və 55 ədəd ekoloji cəhətdən təmiz CNG texnologiyasına sahib avtobuslar
fəaliyyət göstərir. Bu il Çinin “BYD” şirkəti ilə birlikdə elektrobusların
yerli istehsalına başlanılması planlaşdırılır. Müəssisədə ildə 500 avtobusun
istehsalı nəzərdə tutulub. Bu il özəl daşıyıcıların 400-ə yaxın əlavə ekoloji təmiz
avtobus alaraq Bakı şəhərində istismara verməsi nəzərdə tutulur.
Bakıda mikromobillik vasitələrindən istifadənin
artması atmosferə atılan tullantıların azalmasına gətirib çıxarıb. Avtobus və
velosiped zolaqları hərəkətin fasiləsizliyinə və ekoloji yükün səviyyəsinin enməsinə
müsbət təsir göstərib. AYNA tərəfindən mikromobillik şəbəkəsinin genişləndirilməsi
əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.
Hazırda paytaxtda 39 kilometrdən çox mikromobillik
zolaqları təşkil edilib. Bu şəbəkənin ümumi uzunluğunun 100 km-ə çatdırılması hədəflənib.
Taksi xidməti sahəsində aparılan islahatlar çərçivəsində
müvafiq parkın yenilənməsi və taksi səfərlərinin azalması da ətraf mühitin
mühafizəsi baxımından böyük əhəmiyyətə malikdir. İslahatlara qədər taksi
parkının təxminən 62%-nin yaşı 15-dən yuxarı idisə, indi onların orta yaşı 7 ildir.
Daha az avtomobil və daha təmiz nəqliyyat vasitələri
daha az karbon qazı və digər zərərli maddələr deməkdir. Gələcək “yaşıl nəqliyyat”ındır
və hədəfi dayanıqlı şəhər mühiti olan AYNA üçün bu məsələ prioritetdir.
Digər xəbərlər
26 May, 2026
Naxçıvanda yol nişanları yenilənir
25 May, 2026
Daha 3 ünvanda minib-düşmə yeri yaradılıb
25 May, 2026
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
25 May, 2026
“Biletim.az” portalına yeni funksiya əlavə olunub
23 May, 2026
WUF13 çərçivəsində 179 000-ə yaxın sərnişin daşınıb