Avtobus idarə edəcək qadın sürücülər hazırlanır
13 Avqust, 2025
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yeni təlim proqramına start verib. Proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.
Təlimlər sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik mövzularını əhatə edir. Əlilliyi olan şəxslərlə düzgün davranış qaydaları da xüsusilə aşılanır. Məqsəd yol hərəkətinin təhlükəsizliyini təmin edən, sərnişinlərlə düzgün və nəzakətli davranan, böhran vəziyyətlərdə peşəkarlıq nümayiş etdirən qadın sürücülər hazırlamaqdır.
Təlim müddətində iştirakçılar baxış texnikası, manevretmə, dayanma və durma qaydaları üzrə praktiki məşğələlərə cəlb olunurlar. Təlimlərin əsas hissəsini mürəkkəb yol şəraitində idarəetmə, arxa və ön parketmə, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması təşkil edir. Eyni zamanda, sürücülər müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi ilə bağlı vacib bacarıqlar qazanırlar.
Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarından keçirlər. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.
AYNA-nın bu təşəbbüsü qadınların iqtisadi fəallığını dəstəkləyir, onların nəqliyyat sahəsində rolunu artırır. Bu, həm də ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinə böyük töhfə verir.
Digər xəbərlər
16 Oktyabr, 2026
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
16 Oktyabr, 2026
“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ətrafında bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
15 Oktyabr, 2026
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
13 Oktyabr, 2026
51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
13 Oktyabr, 2026
92 nömrəli marşrutun bütün avtobusları yenilənir