-
Haqqımızda
-
Qanunvericilik
- E-xidmətlər
-
Media
- Karyera
-
Əlaqə
Avtomobil nəqliyyatı: son 20 ildə əldə edilən nailiyyətlər
03 Fevral, 2025

2024-cü il avtomobil nəqliyyatı sahəsində qazanılan bir sıra uğurlar və nailiyyətlərlə yadda qaldı. Bu uğurların təməlində isə son 20 il ərzində dövlət başçısı tərəfindən ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların ardıcıl həyata keçirilməsi, avtomobil nəqliyyatı sahəsində aparılan əsaslı struktur islahatları, idarəetmənin təkmilləşdirilməsi, əməliyyatlarda rəqəmsal texnologiyalardan geniş istifadə, tənzimləmə mexanizmlərinin tətbiqi yolu ilə sağlam rəqabət mühitinin formalaşması və digər amillər dayanır.
Ölkənin dayanıqlı inkişafında müxtəlif nəqliyyat növlərinin rolu danılmazdır. Lakin avtomobil nəqliyyatı həm investisiya cəlbediciliyi, həm də səmərəlilik baxımından ən sürətli, ucuz, praktik və çevik nəqliyyat növü sayılır.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, xarici ticarət dövriyyəsinin artması nəqliyyat xidmətlərinə olan tələbatın da artmasını, Azərbaycanın tranzit ölkə kimi mövcud imkanlarından tam istifadə edilməsini şərtləndirir. Bu gün daha geniş coğrafiyada və böyük həcmdə yükdaşımaları təmin edə bilən nəqliyyat sisteminin qurulması əhəmiyyətli məsələlərdəndir.
Son 20 il ərzində Azərbaycan daşıyıcılarının sayı, müvafiq bazar payları artıb, daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin parkı genişlənib. Bir sıra ölkələrlə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq qurulub, hüquqi sənədlər imzalanıb, beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı mühüm təşkilati işlər görülüb.
Avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların təhlükəsiz və səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb. Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə yetirilib, daşıyıcıların fəaliyyəti hüquqi çərçivəyə salınıb.
Bu gün Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli və çoxdəfəli icazələri ilə daşıyıcılar bütün Avropa ölkələrinə il ərzində məhdudiyyətsiz sayda yükdaşıma həyata keçirə bilir, BNF üzvü olmayan ölkələrə daşımalar üçün ikitərəfli qaydada “İcazə blankları”nın mübadiləsi aparılır.
Daşıyıcıların yeni bazarlara istiqamətləndirilməsi təşviq edilir, bu sahənin davamlı inkişafı dəstəklənir, bununla da strateji prioritetlərindən biri olan beynəlxalq yük daşımalar daha da asanlaşır.
Bu illər ərzində beynəlxalq yükdaşımalarla yanaşı iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biri kimi ölkədaxili yükdaşımalar da diqqətdən kənarda qalmayıb. Yüklərin səmərəli və sürətli şəkildə daşınması bölgələr arasındakı iqtisadi əlaqələri gücləndirir və yerli bazarların inkişafına töhfə verir. İnfrastrukturun inkişafı və müasir nəqliyyat vasitələrindən istifadə edilməsi ölkədaxili yük daşımalarının səmərəliliyini artırır. Nəticədə bu sahənin milli iqtisadiyyatda payı artır, dayanıqlı inkişaf təmin edilir.
Son 5 ildə avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayı 4,6 dəfə artaraq 375 256 olub. 2020-ci ildə bu rəqəm 80 737 təşkil edib. Daşımaların həcmi isə 4,8 dəfə artaraq 7 milyon tondan çox olub.
İkitərəfli beynəlxalq yük daşımalarının həcmi 1,5 dəfə artaraq 7 milyon tondan çox olub.
Beləliklə, 2024-cü ildə tranzit və ikitərəfli beynəlxalq yük daşımalarının ümumi həcmi 14 milyon tondan artıq olub.
Milli daşıyıcıların ikitərəfli beynəlxalq yük daşımaları bazarında payları əsaslı dərəcədə artıb və beynəlxalq səviyyədə rəqabətdə daha dayanıqlı olmaları təmin edilib.
Ötən il ikitərəfli yük daşımalarında Azərbaycan daşıyıcılarının bazar payı 49% təşkil edib.
Eyni zamanda Azərbaycan daşıyıcıları ölkəmizin ərazisindən tranzit daşımalar da həyata keçirirlər. Son 5 ilə nəzər salsaq, 2020-ci ildə milli daşıyıcıların ölkəmizin ərazisindən tranzit daşıma sayı 7 849 idisə, 2024-cü ildə bu rəqəm 41 038 olub. Burada da 5 dəfədən çox artımı görürük. Bu növ daşımalar həm də milli daşıyıcıların həyata keçirdiyi 3-cü ölkə daşımalarıdır ki, ölkəmizə valyuta gətirilməsi baxımıdan xüsusi əhəmiyyət daşıyır.
2023-cü il illə müqayisədə 2024-cü ildə beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı 1 066 ədəd artaraq 13 790 olub.
Avtomobil nəqliyyatı həm də rahat və təhlükəsiz sərnişindaşıma deməkdir. Son 20 ildə ölkə ərazisində müasir tələblərə cavab verən nəqliyyat xidmətlərinin təşkil edilməsi məqsədilə Bakı şəhərində və bölgələrdə avtovağzal kompleksləri inşa olunub, marşrutlara yeni avtobuslar buraxılıb.
İctimai nəqliyyatda əlçatanlığın, şəhər daxilində mobilliyin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılması məqsədilə Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və bir hissəsi artıq icra edilib.
Yol hərəkətinin təşkili ilə bağlı infrastruktur layihələri, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlili, mikromobillik infrastrukturunun yaradılması sözügedən layihənin tərkib hissələridir.
2030-cu ilə hədəflənən məqsədlərə nail olmaq üçün işlər bir neçə mərhələ üzrə aparılır.
Mobillik sisteminin transformasiyası üçün 60-dan çox təşəbbüs nəzərdən keçirilib. AYNA tərəfindən sahə üzrə geniş təhlillər aparılıb, əhəmiyyətli məlumat bazası toplanılıb. Bakı şəhərinin “rəqəmsal əkiz”i yaradılıb. Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin “rəqəmsal əkiz”ə əsaslanmaqla icra edilir.
Ötən dövr ərzində paytaxtın yerüstü ictimai nəqliyyat sistemində də bir sıra islahatlar həyata keçirilib. Şəhərin nəqliyyat sisteminin davamlı inkişafına hesablanmış, əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr nəqliyyat infrastrukturunu əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və alternativ səyahət növləri yaradıb.
Mobilliyin yaxşılaşdırılması istiqamətində atılan addımlardan biri nəqliyyat mübadilə mərkəzlərinin yaradılmasıdır. Artıq Bakıda müxtəlif nəqliyyat növləri arasında transfer imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıran üç yeni qovşaq fəaliyyət göstərir. “Gənclik” metrostansiyasının yaxınlığındakı qovşaqdan 12 marşrut xətti üzrə 220 avtobus keçir və sərnişin axını 154 min nəfərdir. Metronun “Koroğlu” stansiyasının cənub çıxışında yerləşən qovşaq multimodal xarakter daşıyır. Burada hər gün 15 müntəzəm marşrut üzrə 200-ə yaxın avtobus və təxminən 126 min sərnişin səyahət edir. “28 May” metrostansiyasında yeni yaradılmış qovşaqda elektrik avtobusları üçün enerji doldurma məntəqələri, mikromobillik zolaqları və rahat piyada zonası yaradılıb. Buradan hər gün 259 avtobus keçir, 16 müntəzəm marşrut işləyir və təxminən 181.000 sərnişin daşınır.
Bakıda ictimai nəqliyyat parkı sürətlə yenilənir. Hazırda ölkəmizə COP29 konfransı ərəfəsində gətirilən 160 sıfır emissiyalı elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında uğurla işləyir, özəl şirkətlər isə elektrik enerjisi və sıxılmış qazla işləyən daha 85 ekoloji təmiz avtobus alıblar. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib. Müasir avtobusların sayı 2160-a çatıb. Yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir. Bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir. 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasının payı 77,5% təşkil edib.
Marşrut şəbəkəsinin əhalinin mümkün qədər çox hissəsini əhatə etməsi məqsədilə optimallaşdırılma aparılır. Ötən il 10-dan çox yeni marşrut xətti istifadəyə verilib.
Bakıdan Sumqayıta və əks istiqamətdə daha sürətli və rahat gediş-gəlişini təmin etmək üçün 594 və 595 saylı avtobuslar xəttə buraxılıb. Bundan başqa, paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində ötən il 20, 120, 120E, 121E, 140, 140E, 141E, 150, 446 və E2 nömrəli müntəzəm avtobuslar xəttə buraxılıb. Əlavə olaraq 12, 33, 46, 56, 60, 133 nömrəli xətlərdə avtobuslar yenilənib.
Ən mühüm dəyişikliklərdən biri də xüsusi avtobus zolaqlarının yaradılmasıdır. Araşdırmalar göstərir ki, bu zolaqlar üzrə avtobusların sürəti təxminən 10% artıb, eyni zamanda bəzi küçələrdə hərəkət vaxtı 12, bəzilərində isə 22 dəqiqə azalıb. Avtobuslardan istifadə edən sərnişinlərin sayı isə artıb. 2024-cü ildə Bakıda 476 milyon sərnişin daşınıb. Bu, 2023-cü illə müqayisədə 28 milyon nəfər çoxdur. “BakuBus” avtobusları ilə sərnişin daşınması isə 20% və ya 148 milyon nəfər artıb.
Hazırda 40-a yaxın çox küçə və prospektdə 110 km-dən çox xüsusi zolaqlar təşkil edilib. Bu zolaqlarla işləyən avtobuslar gündə təxminən 900.000 sərnişin daşıyır.
Ötən dövr ərzində xidmətlərin elektronlaşdırılması, eyni zamanda bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib addımlar atılıb. “BakıKart”, “Azparking”, “Biletim.az” mobil tətbiqləri, həmçinin “AYNA” İnformasiya Sisteminin bir neçə alt sistemi istifadəyə verilib.
AYNA tərəfindən parklanma yerlərinin təşkil edilməsi uzun illərdir paytaxtın əsas problemlərindən birini həll etmiş oldu. Bu da şəhərdə parklanma yerlərinə əlçatanlığı artırıb.
Taksi xidməti sahəsində uzun iillərdir davam edən xaotik vəziyyətə də son qoyulduğunu əminliklə deyə bilərik. Son vaxtlara qədər küçələri dolduran və gündəlik tıxaclara səbəb olan köhnə avtomobillər, qaydalara zidd idarəetmə səbəbindən baş verən qəzalar, sürücü mədəniyyəti və xidmət səviyyəsinə görə daxil olan şikayətlər bu sahədə təxirəsalınmaz tədbirləri zəruri edirdi. İndi əminliklə deyə bilərik ki, taksilərlə sərnişindaşımada nizam-intizam yaradılıb: effektiv tənzimləmə tədbirləri sayəsində xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, qəzalar azalıb, taksi parkı yenilənib. Taksi xidməti göstərən nəqliyyat vasitələri əsasən hibrid və elektriklə işləyən avtomobillərdir. Avtomobillər yenilənib, onların orta yaşı 15-dən 7-yə endirilib. Sürücülər AYNA-nın təşkil etdiyi təlimlərdə iştirak edirlər. Təlimləri bitirən sürücülərin sayı isə 35 min nəfəri keçib. Taksi dayanacaqlarının yaradılması istiqamətində də zəruri tədbirlər görülür.
Bakıda mikromobillik zolağı şəbəkəsinin daha da genişləndirilməsi məsələsi də diqqət mərkəzindədir. Paytaxtda 70 məntəqədə velosipedlər üçün xüsusi parkinq yaradılıb. Onların (elektriklilər də daxil olmaqla) mobil əlavə vasitəsilə rahat ödəniş forması ilə icarəyə götürülməsi xidməti istifadəyə verilib. Bu da onları əhali və turistlər üçün əlçatan edib. Elektrikli skuterlər üçün parkinq yerlərinin yaradılması prosesinə artıq başlanılıb. Velosipedlərin və skuterlərin artan populyarlığı mikromobilliyi qısa məsafələrə səyahət üçün tam hüquqlu alternativ nəqliyyat növünə çevirmək meylini göstərir. Belə ki, 2024-cü ilin sentyabrından dekabr ayına qədər 460 min nəfər icarəyə götürülmüş velosiped və skuterlərdən istifadə edib. Bu zaman 2,1 milyon km-dən çox məsafə qət edilib.
Piyada zonalarının yaradılmasına və genişləndirilməsinə də böyük diqqət ayrılır. Bu zaman şəhərin ilk növbədə insanlar üçün rahat və əlverişli olması əsas götürülür. Bu yaxınlarda əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xəqani bağının ətrafı avtomobillərin hərəkətini tamamilə məhdudlaşdıran və piyada zolağının yaradılmasını nəzərdə tutan ilk layihə oldu.
Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması isə faktiki olaraq Nizami küçəsindən Dənizkənarı Milli Parka qədər piyada zolağının genişləndirilməsinə imkan verib. Nəzərə alsaq ki, tarixi, görməli yerlərə yaxın yerləşən bu küçə şəhər sakinləri və turistlər arasında çox məşhurdur, o zaman layihənin əhəmiyyətini qeyd etməyə bilmərik.
Metronun “28 May” stansiyasının qarşısındakı meydanın abadlaşdırılması paytaxtın həmişə izdihamlı olan bu guşəsini təkcə çoxfunksiyalı nəqliyyat qovşağına deyil, həm də şəhərin görkəminə gözəllik verən geniş piyada zolağına çevirib. Bu dəyişikliklər rahat və təhlükəsiz şərait yaratmağa və şəhər mühitinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir.
Nəqliyyat sektorunda islahatlar bununla bitmir: ictimai nəqliyyat sisteminin daha da təkmilləşdirilməsi və şəhər infrastrukturunun optimallaşdırılması prosesi daim davam edir. Mobilliyin transformasiyası proqramı çərçivəsində növbəti mərhələdə marşrutların optimallaşdırılması, avtobusların sayının artırılması, parkların ekoloji cəhətdən təmiz avtobuslar hesabına yenilənməsi, taksi sahəsində islahatların yekunlaşdırılması, mikromobilliyin təşviqi, yol hərəkətinin təşkili, piyada infrastrukturunun təkmilləşdirilməsi istiqamətinlə layihələr həyata keçiriləcək.
Digər xəbərlər
18 Fevral, 2025
17 və 24 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
17 Fevral, 2025
162 və 184 nömrəli avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb
17 Fevral, 2025
Naxçıvan daşıyıcılarının beynəlxalq daşımalara qoşulması üçün tədbirlər görülür
14 Fevral, 2025
Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
12 Fevral, 2025
Bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib