“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunan dəyirmi masa
28 Yanvar, 2026
AYNA
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025 – 2030-cu illər üçün Dövlət
Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə bildirilib ki, Dövlət Proqramında qeyd
edilən avtomobil yolları üzrə layihələrdən 25-i yol infrastrukturunun
tikintisi ilə əlaqədardır. Hazırda bu layihələrdən dördünün (Bilgəh – Novxanı –
VAZ dairəsi – Xırdalan – M-4; Akademik Həsən Əliyev – “Koroğlu” metrostansiyası;
Xaqani Rüstəmov – Ağa Nemətulla; VAZ dairəsi – M4 Şamaxı yolu) tikintisi icra
edilir. Bu il daha 4 yolun tikintisinin başlaması nəzərdə tutulub (Məhəmməd
Xiyabani – Dairəvi-1; M-4 – Xırdalan (mərkəz) tunel; Xırdalan dairəsi; Əbdülvahab
Salamzadə – Ziya Bünyadov).
Yol hərəkətinin yenidən təşkili ilə bağlı ümumilikdə 10-dan çox layihə icra
olunur. Yol nişanları və nişanlanma xətləri ilə bağlı da işlər həyata
keçirilib. Görülən işlər çərçivəsində 32000 yol nişanı, 407 ədəd LTP tipli məlumat
lövhəsi quraşdırılıb, 1,7 milyon kvadratmetr xətlənmə işləri görülüb. Ümumilikdə
yol hərəkəti təhlükəsizliyini artıran 60 layihə icra edilib.
AYNA tərəfindən şəhərdaxili sərnişin daşımaları
üzrə də avtobus parkında və ödəniş sistemində bir sıra işlər həyata keçirilib. Nəticədə
yeni şəbəkənin icrasına başlanılıb və 8 marşrut istifadəyə verilib. Bakı,
Sumqayıt və Abşeronda 395 yeni elektrikli və CNG texnologiyası ilə işləyən
avtobus istifadəyə verilib. Gedişhaqqı ödənişi ilə bağlı da yeniliklər tətbiq
edilib, bank kartı ilə ödəmək imkanı yaradılıb. Ümumilikdə nağdsız ödəniş olan
avtobusların sayı 1800-ə çatıb. Bu rəqəm 2022-ci ildə 1000 avtobus təşkil
edirdi. Eyni zamanda Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə işləyən
marşrut xətlərinə 98 avtobus əlavə edilib, 40000 nəfər sərnişin daşınması
imkanı yaradılıb. Avtobusların intervallarının təmin edilməsi üçün Bakı şəhərində
xüsusi hərəkət zolaqları şəbəkəsi yaradılıb. Ümumilikdə 40-a yaxın küçə və
prospektdə 114 kilometr zolaq təşkil olunub.
Son 4 ilin nəticələrinə əsasən, avtobusla Bakı və şəhərətrafı sərnişindaşımada ümumilikdə 67,3 milyon artım var. Gündəlik xəttə buraxılan avtobusların sayında isə 32% artım müşahidə olunur. Əgər 2022-ci ildə 1720, 2023-cü ildə 1950, 2024-cü ildə 2160 avtobus gündəlik xəttə buraxılırdısa, hazırda bu rəqəm 2300-ə yaxındır.
Gedişhaqqının nağdsız ödənilməsinin xüsusi çəkisi 85%-ə çatıb. Eyni zamanda ekoloji təmiz avtobusların xüsusi çəkisi 55%-dir.
Tramvay xəttinin bərpası ilə əlaqədar da işlər görülüb. Artıq
Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə
bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə
işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə
“Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.
Aktiv mobillik tədbirlərinin həyata keçirilməsi
üçün mikromobillik və piyada infrastrukturu da genişlənir. Hazırda
mikromobillik zolağının uzunluğu 60,3 kilometr təşkil edir, hədəf isə 100 kilometrdir.
Görülən işlər çərçivəsində skuter üçün 700, velosiped üçün isə 564 parklanma məntəqəsi
təşkil edilib. Hazırda icarəyə verilən skuter sayı 4900, velosiped sayı
2200-dür. 2025-ci ildə icarə xidmətindən təxminən 405 min mikromobillik istifadəçisi
yararlanıb. Mikromobillik vasitələri ilə 3,74 milyon səfər edilib, qət edilən
ümumi məsafə isə 10,6 milyon kilometr olub. Şəhər mərkəzində başlayan və bitən
fərdi nəqliyyat vasitələri (minik avtomobili, taksi və mikromobillik) ilə edilən
səfərlərin ümumi sayında mikromobilliyin xüsusi çəkisi 12% təşkil edir.
Bundan əlavə, səkilərə və piyada yollarına dair
ümumi tələbləri əks etdirən dövlət standartı təsdiq edilib. Bakının piyadalar
üçün rahat və təhlükəsiz şəhərə çevrilməsi istiqamətində bir çox işlər görülür.
Küçələr piyadalaşdırılır, yeni piyada zonaları yaradılır və ya genişləndirilir.
Artıq Xaqani bağının ətrafına, İçərişəhərə və Əziz Əliyev küçəsinə avtomobillərin
girişi məhdudlaşdırılıb. Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb.
Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyarbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev,
Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər
tətbiq edilib. Bu küçələrin piyadaların istifadəsinə verilməsi təmin edilib. Həmçinin
metronun “28 May” stansiyasının qarşısındakı ərazidə piyada infrastrukturu üçün
imkanlar yaxşılaşdırılıb.
Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin)
yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində
abadlıq-quruculuq işləri aparılır. Layihə çərçivəsində paytaxtın iki geniş
piyada zonası olan Fəvvarələr meydanı və “Qış parkı” optimal şəkildə birləşdirilir.
İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi
təmin ediləcək. Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm
mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə
icra olunacaq.
ADY
Dövlət Proqramında dəmiryol infrastrukturu
üzrə nəzərdə tutulan işlərin icrası barədə də məlumat verilib. Qeyd edilib ki, Bakı
və Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasında insanların gediş-gəlişini
təmin edən mühüm yollardan biri də Abşeron dairəvi dəmir yolu marşrutudur. Bu
marşrut iki xətdən ibarətdir: Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı – Sumqayıt.
Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayının artırılması üzrə
mühüm işlər görülüb. Dəmir yolu xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə
rəqəmsallaşma tədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib,
mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlarda modernləşdirmə işləri
görülüb.
Nəticə etibarilə Abşeron dairəvi dəmir yolu üzrə sərnişin
sayı həftəiçi gündəlik 36 mindən 43 minə qədər artıb. Bu da xidmət keyfiyyətinin
artırılmasının və qatarla təhlükəsiz, rahat və maneəsiz səfərə üstünlük verilməsinin
göstəricisidir.
Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı – Hövsan,
Bakıxanov – Binə – Qala və Zabrat – Maştağa – Bağlar dəmir yolu xətlərinin bərpası
və bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası
nəzərdə tutulur.
2025-ci ildə adıçəkilən dəmiryol xətləri üzrə yol
infrastrukturunun təhlili aparılıb, layihələndirmə işlərinə başlanılıb. Layihələndirmə
işlərinin bəziləri tamamlanıb.
Bundan başqa, bərpa olunacaq xətlər boyunca
stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri aparılıb, stansiyaların
yerləri müəyyən olunub.
Bakı – Xırdalan – Sumqayıt xəttinin təkmilləşdirilməsi,
qatarburaxma və sərnişindaşıma qabiliyyətinin artırılması, yeni dayanacaqların
istismara verilməsi istiqamətində də müvafiq işlərə başlanılıb. Hazırda bu xətt
üzrə sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə “Dərnəgül”
dayanacağının inşası sürətlə davam etdirilir. Artıq tikinti işlərinin təqribən
60 faizi yekunlaşıb. Həmçinin Baş Keşlə stansiyasına dayanacaq verilməsi və Binəqədi
dayanacağının yaradılması nəzərdə tutulur.
Bakı – Pirşağı – Sumqayıt xəttinin təkmilləşdirilməsi,
bu istiqamətdə dəmiryol xəttinin qatarburaxma və sərnişindaşıma qabiliyyətinin
artırılması, yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Bu xətt
üzrə Kürdəxanı, Fatmayı və Saray qəsəbələrində də dəmiryol dayanacaqlarının
yaradılması planlaşdırılır.
Görülən işlər çərçivəsində Nərimanov stansiyasında
da qatarlara dayanacaq verilməsi planlaşdırılır.
Dövlət Proqramından irəli gələn məsələlərdən biri də
Güzdək − Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra
yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı – Xırdalan − Sumqayıt
dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığının artırılması nəzərdə
tutulub.
Həmçinin 2030-cu ilədək 20 yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir.
BAKI METROPOLİTENİ
Dəyirmi masada vurğulanıb ki, 2025-ci ildə Bakı Metropoliteninin
müxtəlif sahələrində ilk dəfə olaraq innovativ və səmərəli yeniliklər tətbiq
edilib. Sərnişindaşıma və təhlükəsiz hərəkətin təmin edilməsi sahəsində əldə
olunan mühüm irəliləyişlər Dövlət Proqramına uyğun olaraq, qarşıdakı beş ilin
Bakı metrosu üçün əsaslı dəyişikliklər və yeniliklər mərhələsi olacağını göstərir.
Dövlət Proqramının icrası məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankı və
Asiya İnkişaf Bankı ilə qlobal əməkdaşlığa başlanılıb.
2025-ci ildə imzalanmış proqrama uyğun olaraq, uzun
illərdən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib. “28 May”
stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan
iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda “İçərişəhər”
stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla
kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib.
“Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə
çatdırılıb.
10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində
qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq.
Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və
ötən ildə “B4 layihə” adlı stansiyada təmir və tikinti işləri sürətlə davam
etdirilib.
Ötən il həyata keçirilən ən mühüm yeniliklərdən
biri qatarlararası intervalların 16 ildən sonra ilk dəfə azaldılması olub ki,
bu da mövcud infrastruktur imkanları nəzərə alınmaqla, inqilabi dəyişiklik kimi
qiymətləndirilir. Bununla yanaşı, rəqəmsal həllərin tətbiqi sayəsində ilk dəfə
olaraq qatarların stansiyaya daxilolma vaxtını göstərən sistem və elektron
monitorlar quraşdırılıb, həmçinin bütün stansiyalarda bank kartları ilə təmassız
(NFC) ödəniş imkanı yaradılıb. Oktyabr ayında test rejimində istifadəyə verilən
bu sistemdən cəmi iki ay ərzində 7 milyondan çox sərnişinin yararlanması xüsusi
diqqət çəkib.
Təhlükəsizlik və enerji sistemlərinin yenilənməsi
istiqamətində tədbirlər də yüksək templə davam etdirilib. Sərnişinlərə xidmət
keyfiyyətinin artırılması məqsədilə ən müasir qatarların alınması 2025-ci ildə
də davam etdirilib və təhlükəsiz hərəkətin optimal səviyyədə təmin olunmasına
mühüm töhfə verib. İl ərzində Bakı Metropolitenində son nəsil 20 yeni vaqon
istismara buraxılıb.
20-dən çox stansiyada taktil zolaqların
quraşdırılması hərəkət imkanları məhdud sərnişinlər üçün metrodan istifadənin əlçatanlığını
artırıb. Nəticədə əvvəlki illə müqayisədə 10,6% daha çox sərnişin “Əlçatan
metro” xidmətindən yararlanıb.
Əlçatanlığın təmin edilməsi istiqamətində atılan
digər mühüm addım Bakı Metropolitenində tam yeni formatda Əlaqə mərkəzinin fəaliyyətə
başlaması olub. Səhər saat 07:00-dan 23:00-dək daxil olan müraciətlərin
operativ şəkildə cavablandırılması sərnişinə xidmət keyfiyyətinin yüksəldilməsinə
xidmət edir.
Bakı Metropoliteni 2025-ci ildə 227 milyon sərnişin
daşımaqla ictimai nəqliyyata olan etimadı doğrultmağa davam edib. İl ərzində
metropoliten 60 gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, xüsusi günlərdə
isə ümumilikdə 14 saatlıq əlavə iş qrafiki tətbiq olunub.
2025-ci ildə həyata keçirilən tədbirlər Bakı
Metropoliteninin gələcək inkişafı üçün möhkəm təməl formalaşdırıb. Qarşıdakı
dövrdə də müasir standartlara uyğun, təhlükəsiz və səmərəli metro xidmətlərinin
genişləndirilməsi əsas hədəflər sırasında olacaq.
Digər xəbərlər
11 Fevral, 2026
2 və 3 fevral 2026-cı il tarixlərində gündüz və gecə görülən işlərin xronikası
11 Fevral, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
11 Fevral, 2026
Daha bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
10 Fevral, 2026
206 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək
06 Fevral, 2026
AYNA-da milli daşıyıcılarla növbəti görüş keçirilib