Həftəsonları Xaqani bağının yaxınlığındakı bəzi küçələrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
14 Mart, 2024
17 mart tarixindən etibarən həftəsonları Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Belə ki, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura şəhərin mərkəzi küçələrinin həftəsonları piyadalaşdırılması ilə bağlı qərar qəbul edib.
Belə ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunacaq. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana biləcəklər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınacaq və onlar əraziyə buraxılacaqlar.
Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən olacaq.
Məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaları üçün ərazidə yaşayan sakinlərə “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə olunur.
Qeyd edək ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.
Bakı şəhərinin mərkəzi hər zaman sakinlərin və qonaqların ən sıx ziyarət etdikləri məkandır. Həftəsonları isə piyadaların sayı dəfələrlə artır. Ərazidə böyük piyada axınının müşahidə edilməsi burada təhlükəsiz istirahət zonasının yaradılmasını zəruri edib.
Digər xəbərlər
16 Iyun, 2026
22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir
16 Iyun, 2026
Azərbaycan və Monqolustan arasında yük daşımaları üzrə icazə kvotası 10 dəfə artırılıb
15 Iyun, 2026
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri və taksi duracağı təşkil edilib
11 Iyun, 2026
Qurumlararası əməkdaşlığın gücləndirilməsi məqsədilə infosessiyalar keçirilib
10 Iyun, 2026
1 - 4 iyun tarixləri aralığında gündüz və gecə görülən işlərin xronikası