Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində avtobusların marşrutları optimallaşdırılır
28 Noyabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ictimai nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilir, nəticələrə uyğun olaraq infrastruktur layihələri hazırlanır və icra olunur. Bu istiqamətdə növbəti layihə Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazini əhatə edir.
Sözügedən ərazidə infrastrukturun yenidən təşkili ilə bağlı işlər artıq yekunlaşıb. Bu gündən ictimai nəqliyyat yeni hərəkət sxemi üzrə fəaliyyət göstərir.
Həyata keçirilən kompleks işlər çərçivəsində:
- ayırıcı zolaq ləğv edilərək işıqforla nizamlanan yolayrıcı təşkil edilib;
- qeyd edilən yolayrıcından avtobusların Ziya Bünyadov prospekti ilə Atatürk prospekti istiqamətində hərəkətinə icazə verilib;
- əlilliyi olan şəxslər üçün panduslarla təchiz edilən piyada keçidləri təşkil olunub;
- yeni işıqforlar və yol nişanları quraşdırılıb, nişanlanma xətləri çəkilib;
- avtobusların hərəkət marşrutuna uyğun olaraq yeni dayanacaq məntəqələri quraşdırılıb.
“Nəriman Nərimanov” metro stansiyası və Atatürk prospekti istiqamətinə hərəkət etmək üçün əvvəllər geridönməni Əhməd Rəcəbli küçəsində həyata keçirən 7A, 7B, 11 və 93 nömrəli avtobuslar hazırda düzünə gedərək və sola geridönüşü bilavasitə yol kəsişməsində reallaşdıracaqlar.
Həyata keçirilən dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1.3 km qədər qısalıb ki, bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq. Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək.
Qeyd edək ki, dəyişikliklər yalnız müntəzəm sərnişindaşıma xidmətləri göstərən nəqliyyat vasitələrinə aid edilir. Bu səbəbdən şəxsi nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edirik.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır