Əmtəə təyinatlı yüklərin daşınmasına nəzarət gücləndirilir
09 Oktyabr, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
“Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin ölkədaxili daşınması zamanı yükdaşıma müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bu sənədlə rəsmiləşdirilməyən əmtəə təyinatlı yüklərin daşınmasına yol verilmir. Bununla əlaqədar elektron əmtəə-nəqliyyat qaiməsinin forması, tətbiqi, uçotu və istifadəsi ilə bağlı qaydalar müəyyən edilib.
“AYNA” informasiya sistemi çərçivəsində tətbiq edilməsi nəzərdə tutulan elektron əmtəə nəqliyyat qaiməsi yük daşımalarında tərtib edilən sənədlərin elektronlaşmasını nəzərdə tutur. Bu sənədin elektronlaşması yükgöndərən, daşıyıcı və yükalanı vahid elektron məkanda əlaqələndirməklə onların resurslarına qənaət etmək imkanı verəcək. Əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtibi, həmçinin yük daşımalarında şəffaflığın artırılması üçün də geniş imkanlar yaradacaq.
Hazırda elektron əmtəə-nəqliyyat qaiməsi sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaqdadır. Hazırlanan sistemin İqtisadiyyat Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq sistemləri ilə inteqrasiyası təmin edilib.
Sistem çərçivəsində daşıma haqqının elektron qaydada ödənilməsi imkanları da yaradılacaq.
Digər xəbərlər
17 Aprel, 2025
5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
16 Aprel, 2025
Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilib
16 Aprel, 2025
Qeyri-sabit hava şəraiti ilə əlaqədar bütün daşıyıcılar məlumatlandırılıb
15 Aprel, 2025
Qala qəsəbəsinin Xaşaxuna yaşayış massivinin nəqliyyat əlçatanlığı artırılıb
14 Aprel, 2025
Bir neçə avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib