Taksi sürücülərinə şəhadətnamələr təqdim olunub
05 Sentyabr, 2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Son bir həftə ərzində təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Sürücü sayını nəzərə alaraq və tədris prosesini sürətləndirmək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində də təlimlərə başlanılıb. Bu təlimlərdə iştirak etmək istəyənlər isə qeydiyyat üçün https://forms.office.com/r/F8K5hMJsSH elektron ünvanına müraciət edə bilərlər.
Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənib.
Digər xəbərlər
14 Sentyabr, 2026
Bakının ictimai nəqliyyatında tarixi rekord: sabahdan 2530 avtobus xətlərə buraxılır
11 Sentyabr, 2026
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
11 Sentyabr, 2026
Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
11 Sentyabr, 2026
“Koroğlu” metrostansiyasının qarşısında ekspres avtobuslar üçün əlverişli şərait yaradılıb
10 Sentyabr, 2026
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır