23-09-2019
Bakıda 5-ci Avropa İttifaqı - Azərbaycan Biznes Forumu keçirilib.
Forumda biznes mühiti, kənd təsərrüfatı, həmçinin nəqliyyat, logistika, İKT və turizm üzrə müzakirələr aparılıb. Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, bu gün müasir nəqliyyat şəbəkələrinə və innovativ nəqliyyat infrastrukturlarına tələbat artmaqda davam edir. Azərbaycanda bu məsələlər ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində uğurla öz həllini tapır.
“Bildiyiniz kimi, ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il 30 oktyabr tarixində istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir və səmərəli, təhlükəsiz daşımaların həyata keçirilməsində vacib əhəmiyyət daşıyır. 14 may 2018-ci il tarixində birinci mərhələsi inşa olunaraq, istismara verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsidir”, - deyə Ramin Quluzadə vurğulayıb.
Nazir çıxışının davamında qeyd edib ki, ölkəmizdə avtomobil yolları infrastrukturunun inkişafı və müasir yol şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələrin icrası həyata keçirilir. Yeni bərələr və tankerlər alınaraq istifadəyə verilib. Məqsəd yüklərin Azərbaycan üzərindən tranzit keçidi üçün vaxt və məsafə baxımından daha əlverişli şəraitin yaradılmasıdır. Dəmir yolu nəqliyyatında infrastrukturun tam yenilənməsi, yeni lokomotiv və vaqonların alınması üzrə işlər aparılır. Hazırda Azərbaycan Hava Yollarına məxsus təyyarələr Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması istiqamətində müvafiq tədbirlər görülür. Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Ramin Quluzadə bu ilin fevral ayında Bakıda təşkil olunan Avropa İttifaqı-Azərbaycan Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun bunun bariz göstəricisi olduğunu söyləyib.
Nazir qeyd edib ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin Brüsseldə keçirilən son zirvə görüşü zamanı “Trans-Avropa Nəqliyyat Şəbəkə”lərinin Şərq Tərəfdaşlığı ölkələrinə 2030-cu ilədək uzadılması ilə əlaqədar uzunmüddətli İnvestisiya Fəaliyyət Planı qəbul olunub. Hesab edirəm ki, bu plan üzrə müəyyən edilmiş layihələrin həyata keçirilməsi daha geniş iqtisadi imkanlara çıxışa əlverişli şərait yaratmaqla regionun inkişafına töhfə verəcəkdir.