Ümumİ məlumat

Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Dövlət başçısının Fərmanı ilə bu il sentyabrının 8-də Nizamnaməsi təsdiqlənən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, bu sahədə normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti  həyata keçirir.

Agentliyin fəaliyyət istiqamətlərinə müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflərin verilməsi və bu siyasətin həyata keçirilməsi, tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl olunmasına nəzarət, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili və dövlət sifarişinin formalaşdırılması, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi və bu sahədə nəzarətin həyata keçirməsi, rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunması aiddir.      

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətin əlaqələndirməsi, fərqlənmə nişanlarının tətbiqi ilə əlaqədar normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, icazə blanklarının mübadiləsi və uçotu, xarici ölkələrin birdəfəlik “İcazə” blanklarının operatorlar arasında bölgüsü Agentliyin vəzifələri və hüquqlarına daxildir.

Həmçinin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrut sxeminin, avtonəqliyyat vasitələrinin hərəkət cədvəlinin müəyyən edilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə daşıyıcıların müsabiqəyə cəlb edilməsi, mərkəzləşdirilmiş dispetçer xidmətinin,  gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması, avtovağzal və avtostansiyaların göstərdikləri xidmətlərin səviyyəsinə nəzarət, avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinəsi, sürücülərin isə reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi də Agentliyə həvalə olunub.