02-11-2021
T.Əkbərova deyib ki, əgər avtovağzala gələn vətəndaş ikinci dozanı vurdurmayıbsa və vaksinin ikinci dozasının vaxtıdırsa, peyvənd sərnişinə avtovağzalda tibb məntəqəsində də vurula bilər.
BAKI, 1 noyabr — Sputnik. Bu gündən rayonlara gedən sərnişinlərdən koronavirusa qarşı vaksinin ikinci dozası tələb olunur. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin əməkdaşı Turanə Əkbərova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gündən paytaxtdan regionlara və əks istiqamətə sərnişindaşımada sərnişinlərdən hər iki dozanı təsdiq edən COVID pasportu tələb olunur. Bununla belə peyvəndə əks göstəriş varsa vətəndaş əks göstəriş sertifikatını da təqdim edə bilər. Respublikanın bütün regionlarındakı kassa əməliyyatçılarına tapşırıqlar verilib. Biletlər iki doza vaksin sənədi olmadığı halda satılmayacaq".
T.Əkbərova deyib ki, əgər avtovağzala gələn vətəndaş ikinci dozanı vurdurmayıbsa və vaksinin ikinci dozasının vaxtıdırsa, peyvənd sərnişinə avtovağzalda tibb məntəqəsində də vurula bilər.
Qeyd edək ki, qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə oktyabrın 1-dən rayonlararası sərnişindaşımada COVID-19-a qarşı vaksinin 1-ci dozasının tələb olunmasına başlanılıb.