17-02-2022
Bildirmək istəyirik ki, 2021-ci il ilin iyun ayından etibarən Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən
beynəlxalq daşıma icazələrinin bölüşdürülməsi prosesi yeni və şəffaf mexanizmin
tətbiqi ilə həyata keçirilir. İcazələrin bölgüsü prosesində daşıyıcıların özlərinin də
iştirakı təmin edilib. Bölgü nəticələri daşıyıcıların assosiasiyasının saytında dərc
edilərək ictimailəşdirilir. Əvvəllər mövcud olan neqativ hallar tam və birmənalı
dayandırılıb. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış “İcazə” blanklarını Dövlət
Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. Məlumat üçün bildirək
ki, “İcazə” blanklarının sayı məhdud olduğundan həmin blankların qabaqcadan real
tələbatdan artıq sayda alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər
vurmaqla yanaşı, ümumilikdə beynəlxalq daşıma həyata keçirən Azərbaycan
daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin
zəifləməsinə də səbəb olur.
Bu istiqamətdə nazirlik tərəfindən Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edilir və daşıyıcıların real tələbatı
haqqında məlumatlar mübadilə edilir. Qeyd etmək lazımdır ki, milli daşıyıcıların tam
əksəriyyəti bu sahədə aparılan islahatlardan razılığını bildirir və hərtərəfli dəstək
göstərirlər. Ancaq təəssüf ki, aparılan islahatlar bəzi işbaz və möhtəkirlərin maraqlarına
toxunduğu üçün onlar bu işləri sabotaj etmək məqsədilə dövlət orqanına təhdid,
qarayaxma və şantaja əl atmaqla məşğul olurlar. Belə şəxslərdən biri də özünə əlavə
qanunsuz imtiyazlar tələb edən Rəmiş Cəfərovdur.
Məlumat üçün bildiririk ki, Xidmətin məsul əməkdaşları tərəfindən dəfələrlə
qəbul olunaraq mövcud qanunvericilik barədə müvafiq izahatlar verilməsinə
baxmayaraq Rəmiş Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal
olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı
dəfələrlə pozaraq qanunsuz əməllərə yol vermişdir.
Bu il Rəmiş Cəfərova Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən müvafiq
icazələr verilməyib. Onun tərəfindən xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğu
bildirildikdə icazəsi olmadan bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək
və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə, Rəmiş Cəfərov növbəti qanunsuz əmələ
əl atmışdır.
Qeyd etmək lazımdır ki, 27 dekabr 2021-ci il tarixində Rəmiş Cəfərov növbəti bir
qanunsuz əmələ yol verdiyi üçün hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra
onun barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılmışdır.
Onu da bildiririk ki, Rəmiş Cəfərov tərəfindən əvvəllər də bir sıra qanun
pozuntularına yol verilib. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı
şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə
ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi
avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə Rəmiş Cəfərova
avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin
dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını
xahiş etmişdir.
Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən Rəmiş
Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 01 avqust 2018-
ci il tarixində Türkiyə – Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat
qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək
Türkiyədən Qazaxıstana daşıdığı yükü Gürcüstanda başqa məhsul ilə əvəz edərək
Rusiya Federasiyasının ərazisinə keçmiş və orada yükü naməlum şəxslərə təhvil vermiş,
nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiya Federasiyasının gömrük orqanları
tərəfindən yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq
edilərək onun işgüzar nüfuzuna xələl gətirmişdir.
Bir daha bildiririk ki, “İcazə” blankları verilərkən daşıyıcıların həmin blanklara
olan cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş
beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə müxtəlif şantaj və hədələrə
baxmayaraq zəruri işlər davam etdirilir. İcazələrin bölgü prosesində ədalət prinsipini
qorumaq, prosesi tam şəffaflaşdırmaq və daşıyıcıların icazələrə çıxışını daha da
asanlaşdırmaq məqsədilə qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün
xüsusi elektron proqram təminatı istifadəyə veriləcəkdir.