27-04-2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üzrə biletlər aprelin 26-da satışa çıxarılıb. Biletlərin satışa çıxarılması barədə qurumun internet saytı, sosial media hesabları və mətbuatda məlumat verilib.
Bakı – Şuşa – Bakı istiqaməti üzrə biletlər ilk 3-4 saat ərzində tam satılıb. Ümumilikdə bu marşrut üzrə 564 bilet vətəndaşlar tərəfindən alınıb.
Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqaməti üzrə, bu saata olan məlumata görə, 658 biletdən 642-si satılıb. Beləliklə, may ayında 1222 vətəndaşın Şuşaya səfəri təmin olunacaq.
Biletləri kütləvi şəkildə kimlərinsə alması və daha sonra baha qiymətə satması mümkün deyil. Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil. Əgər vətəndaşlar qanunsuz bilet satışı halları ilə rastlaşıblarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə biləcəklər. Reyslər həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri həyata keçiriləcək.
Əhmədbəyli – Şuşa – Əhmədbəyli istiqamətində həftənin 3 günü – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günləri səfər etmək mümkündür.
Beləliklə, həftənin bütün günləri Şuşa istiqamətində reyslər həyata keçirilir.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması, eləcə də şəffaflığın və rahatlığın təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı yalnız www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 122 reys uğurla həyata keçirilib, 5084 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.