02-02-2023
2022-ci il Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) üçün əhəmiyyətli hadisələrlə zəngin olub. Qurumun formalaşması, rəqəmsal transformasiyanın təmin edilməsi və əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması istiqamətində əməli addımlar atılıb. Uğurlu nəticələrlə yadda qalan 2022-ci ilin xülasəsi “AYNA haqqında 25 fakt”da.
- AYNA-nın Nizamnaməsi təsdiq edilib və təşkilatın formalaşması təmin olunub;
- “AYNA” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib;
- İlk dəfə şəhərlərarası avtobus marşrutları üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb edilməsinə dair müsabiqə keçirilib;
- İşğaldan azad edilmiş ərazilərə 5 müntəzəm avtobus marşrutu (Bakı-Şuşa; Əhmədbəyli-Şuşa; Bakı-Ağdam; Bakı-Füzuli; Bərdə-Ağdam) açılıb;
- İşğaldan azad olunmuş ərazilərə 492 reys yerinə yetirilib, 21342 sərnişin daşınıb;
- Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan istiqamətlərində avtobus marşrutlarının açılması imkanları araşdırılıb, qiymətləndirmə aparılıb;
- Şəhərlərarası müntəzəm sərnişin daşımalarında onlayn bilet satışı sistemini təmin edən “biletim.az” portalı istifadəyə verilib;
- Şəhərlərarası sərnişin daşımalarına və avtovağzalların fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün Monitorinq mərkəzi yaradılıb;
- Ölkədaxili sərnişin və yük daşımalarında “Fərqlənmə nişanı”nın verilməsi üçün elektron xidmət istifadəyə verilib, elektron xidmət vasitəsilə “Fərqlənmə nişanı” alanların xüsusi çəkisi 64% təşkil edib;
- 2021-ci illə müqayisədə “Fərqlənmə nişanı” alanların sayı 21.54% artıb və buna müvafiq olaraq dövlət büdcəsinə 34.3% çox vergi ödənilib;
- Daşıyıcı bələdçisi xidməti yaradılıb və xidmətdən 96 şirkət istifadə edib;
- Beynəlxalq yükdaşıma fəaliyyəti göstərən daşıyıcıların sayı 107-dən artaraq 200-ü ötüb;
- Beynəlxalq yük daşımalarda istismar olunan avtonəqliyyat vasitələrinin sayı 3432 ədəddən artaraq 8000 ədədi keçib;
- Beynəlxalq yük daşımalarının həyata keçirilməsi üçün Beynəlxalq Nəqliyyat Forumunun (BNF) 1178 ədəd çoxtərəfli icazəsi daşıyıcılara istifadəyə verilib;
- BNF icazələrinin Azərbaycan üzrə kvotası 22% artırılaraq 2023-cü il üçün 1490 ədədə çatdırılıb;
- BNF icazələrinin daşıyıcılar arasında 2023-cü il üzrə bölgüsü Keyfiyyət Xartiyasının tələbləri tam tətbiq edilməklə aparılıb;
- 70 daşıyıcı şirkət Avropa Nəqliyyat Nazirləri Konfransının (Beynəlxalq Nəqliyyat Forumunun) Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının meyarlarına uyğunlaşdırılıb;
- Müxtəlif ölkələrlə 273845 ədəd “İcazə” blankı mübadilə edilib və “İcazə” blanklarının daşıyıcılara yeni mexanizmdə verilməsi üçün 52 dəfə bölgü həyata keçirilib;
- Daşıyıcılara 162619 ədəd “İcazə” blankı verilib və milli daşıyıcılar 25 mindən çox 3-cü ölkə daşımaları həyata keçiriblər;
- Beynəlxalq avtomobil daşımaları bazarı 7.6% böyüyüb və Azərbaycan daşıyıcılarının ikitərəfli daşımalarda bazar payları paritetə yaxınlaşıb;
- 2023-cü il üzrə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün 36 ölkə ilə 287175 ədəd “İcazə” blankının mübadiləsi həyata keçirilib;
- Avtomobil nəqliyyatı sektorunun xidmət ixracı 160 milyon manatdan çox olub;
- Beynəlxalq yük daşımalarında iştirak edən 2500-dən çox sürücünün Bakı, Gəncə, Masallı, Lənkəran və Astarada peşəkarlıq səriştəsinə dair hazırlıq keçməsi təmin edilib;
- İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə 473 ədəd Xüsusi icazə verilib;
- “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin (AETR) tələblərinə əsasən 1424 sürücü təlimlərə cəlb edilib, 901 nəfərə sürücünün şəxsiyyətinin eyniləşdirilməsi, iş və istirahət dövrlərinə dair müvafiq məlumatların saxlanması üçün istifadə edilən taxoqraf kartı verilib.