30-03-2023
Azərbaycan Respublikası Prezidentinin 29 mart 2023-cü il tarixli Fərmanı ilə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib.
Beynəlxalq sərnişin və yük daşımaları Azərbaycan Respublikası ilə digər ölkələr arasında kvota ilə müəyyin edilən “İcazə” blankları əsasında həyata keçirilir.
Kvota sistemi ilə yanaşı, sərnişin və yük daşımalarını həyata keçirən xarici dövlətlərin nəqliyyat vasitələrinə sərhəddə kvotadan kənar “İcazə” blanklarının verilməsi mexanizmi də tətbiq edilirdi. Qeyd olunan mexanizmin mövcudluğu isə kvota üzrə mübadilə edilmiş “İcazə” blankı bitən tərəfin avtodaşıyıcılarının sərhəddə müvafiq “İcazə” blankını alaraq yerli daşımalar bazarına daxil olmaqla ölkə ərazisinə və ərazisindən yüklərin və sərnişinlərin daşınmasına imkan yaradırdı. Nəticədə daşımalarla bağlı kvota üzrə mübadilə edilən “İcazə” blanklarının Azərbaycan avtodaşıyıcıları tərəfindən tam şəkildə istifadə edilməməsi, onların müvafiq sifarişlərdən kənarda qalmaları baş verirdi. Bu da öz növbəsində milli avtodaşıyıcıların nəqliyyat parkının yenilənməsinə və sayının artmasına mənfi təsir göstərməklə onların beynəlxalq səviyyədə rəqabətliliyini və bazar paylarını azaltdı, yeni iş yerlərinin yaranması imkanlarını məhdudlaşdırdı.
Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsinin ləğvi ilə kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək. Həmçinin beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq. Eləcə də beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.