07-04-2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Xudat-Bakı, Bakı-Xaçmaz-Bakı, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı, Bakı-Şabran-Bakı şəhərlərarası, eləcə də Mingəçevir 5 və 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri aprelin 27-si saat 17:00-dək, ixtisas məlumatlarını isə mayın 18-i saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e-poçt: ramil.musayev@ayna.gov.az) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Xudat-Bakı istiqamətində 5 Lot üzrə mayın 19-u, Bakı-Xudat-Bakı və Bakı-Xaçmaz-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 23-də, Bakı-Xaçmaz-Bakı və Bakı-Nabran-Bakı istiqamətlərində 5 Lot üzrə mayın 26-da, Bakı-Nabran-Bakı, Bakı-Quba-Bakı istiqamətlərində, eləcə də Mingəçevir 5 və 12 nömrəli avtobus marşrutları 5 Lot üzrə mayın 30-da, Bakı-Quba-Bakı və Bakı-Şabran-Bakı istiqamətlərində 5 Lot üzrə iyunun 2-də müsabiqə keçirilən zaman açıqlanacaq. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.
Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.