28-04-2023
“Lökbatan” dairəsi sərnişin axınının intensiv olduğu ərazilərdəndir. Buradan ölkənin müxtəlif şəhər və rayonlarına həm avtobuslar, həm də taksilərlə sərnişindaşıma həyata keçirilir. Sərnişinlərin avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanması, nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti isə günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdu.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə ərazidə xaotik vəziyyətə son qoymaq məqsədilə əməli işlər görüb. Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidləri yenidən təşkil olunub, yol cizgi xətləri çəkilib, yol nişanları və məhəccərlər qoyulub. “Lökbatan” dairəsində inşa edilən Bakı Cənub Avtostansiyası işlək vəziyyətə gətirilib. Hazırda avtobuslar avtostansiyaya cəlb edilir.
Nəticə etibarilə qanunsuz sərnişin daşımalarının qarşısının alınması üçün vacib addımlar atılır, sərnişinlərin rahat və müvafiq tələblərə cavab verən avtostansiyadan yola salınması təmin edilir.
Vətəndaşlardan bu məqsədlə ayrılmış qanuni yerlərdən istifadə etmələrini xahiş edirik.