07-06-2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində “İcazə” blanklarının sifarişi prosesinin sadələşdirilməsi məqsədilə elektron xidmət istifadəyə verilib.
“AYNA” informasiya sisteminin komponentlərindən olan “İcazə” blanklarının idarə edilməsi sistemi daşıyıcılara verilən “İcazə” blankları, sifariş olunan “İcazə” blankları, həmçinin onların istifadəsi haqqında məlumatların müvafiq informasiya ehtiyatında toplanmasını təmin edir.
Məqsəd daşıyıcıların və sürücülərin rahatlığını təmin etmək, fiziki təmasları minimuma endirməkdir.
Elektron xidmətdən müvafiq portala daxil olaraq yararlanmaq mümkündür. Sistem vasitəsilə daşıyıcılar gücləndirilmiş elektron imza ilə özlərinin elektron kabinetlərində nəqliyyat vasitələrinə və icazələrə dair məlumatları görə və sistem üzərindən sifarişlərini edə bilərlər.
Daşıyıcıların xidmətdən rahat istifadə edə bilmələri üçün AYNA tərəfindən təlimat videosu hazırlanıb və istifadə qaydaları haqqında təlim keçirilib.
Elektron xidmət avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarını həyata keçirən daşıyıcıların vaxtına qənaət edilməsinə, hesabatlılığın dəqiq və şəffaf aparılmasına, bu istiqamətdə səmərəliliyin artırılmasına və sahənin inkişafına töhfə verəcək.