11-09-2023
2024-cü il üzrə “BNF İcazələri”nin bölgüsündə iştirak etmək istəyən daşıyıcılar aşağıda qeyd edilən sənədləri 12 sentyabr – 15 oktyabr 2023-cü il tarixlərində ABADA-nın sənəd qəbulu mərkəzinə təqdim etməlidirlər. Sənədlərin yoxlanılması və “BNF İcazələri”nin bölgüsü daşıyıcıların iştirakı ilə komissiya tərəfindən həyata keçiriləcək.
Operator tərəfindən yazılan ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
Şirkətə dair:
1. daşıyıcı taxoqraf kartının surəti;
2. yalnız bir avtonəqliyyat vasitəsinə malik olduqda, 9000 (doqquz min) avro, iki və daha çox avtonəqliyyat vasitəsinə malik olduqda, hər əlavə avtonəqliyyat vasitəsi üçün 5000 (beş min) avro aktivlərə (pul vəsaitlərinə, depozitlərə və digər aktivlərə) malik olması barədə kənar (müstəqil) auditor tərəfindən təsdiq edilən son hesabat dövrünə aid maliyyə hesabatları, aktivləri barədə məlumatı və ya maliyyə vəziyyəti barədə bank arayışı.
Avtonəqliyyat vasitələrinə dair:
1. dövlət qeydiyyat şəhadətnaməsinin (texpasportun) surəti;
2. avtonəqliyyat vasitələrinin ekoloji sinfini təsdiq edən sertifikat.
Sürücüyə dair:
1. sürücünün (sürücülərin) əmək müqaviləsinə dair “Əmək müqaviləsi bildirişi” altsistemindən çıxarış;
2. sürücünün (sürücülərin) peşəkarlıq səriştəsi ilə bağlı hazırlıq keçməsi haqqında şəhadətnamənin surəti;
3. sürücülərinin rəqəmsal taxoqraf kartlarının surəti.
QEYD:
1. “BNF İcazələri”nin bölgüsündə “Buraxılış vəsiqəsi” olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər;
2. təqdim edilən hər bir avtonəqliyyat vasitəsinin beynəlxalq daşımalara “Buraxılış kartı” olmalıdır;
3. Rusiya açıq “BNF İcazələri” yalnız Avro-6 ekoloji sinfinə aid avtonəqliyyat vasitələrinə münasibətdə bölünəcək.