31-10-2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən KOB evlərində avtomobil nəqliyyatı sahəsində sahibkarlıq subyektlərinə göstərilən xidmətlərə daha ikisi əlavə olunub.
Daşıyıcıların müraciətləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair Xüsusi icazə və Buraxılış vərəqəsi hazırlanır. Eləcə də sürücülərin iş və istirahət rejiminə nəzarətin həyata keçirilməsi məqsədilə taxoqraf kartlarının sifariş verilərək ölkəyə gətirilməsi təmin edilir.
Adıçəkilən hazır sənədlərin daşıyıcılara verilməsi prosesinin daha operativ və rahat şəkildə həyata keçirilməsi məqsədilə hazırda AYNA tərəfindən “Bakı KOB evi”ndə göstərilən xidmətlərin siyahısına “Taxoqraf kartlarının verilməsi” və “İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkətinə dair Xüsusi icazənin və Buraxılış vərəqəsinin verilməsi” xidmətləri də əlavə edilib.
Qeyd edək ki, bu ilin yanvar ayından etibarən AYNA tərəfindən göstərilən bir sıra xidmətlər “Bakı KOB evi”ndə təşkil edilir.