17-11-2023
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrup”unun iclası və Beynəlxalq Maliyyə Korporasiyasının “E-mobility” layihəsi üzrə ekspert missiyası ilə görüşü keçirilib.
İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın katibliyinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev və digər dövlət qurumlarının nümayəndələri iştirak edib.
İclasda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı məsələlər müzakirə edilib. Belə ki, 2022-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı yekun hesabat təqdim olunub və altqrupun fəaliyyəti üzrə prioritet hədəflərin müəyyənləşdirilməsi, tematik qrupların yaradılması, eləcə də 2024-cü il üçün Yol Xəritəsinin layihəsinin hazırlanması üzrə təkliflər dinlənilib.
İclas zamanı, həmçinin ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər, bu sahədə özəl sektorun rolu və həyata keçirdiyi layihələr haqqında məlumat verilib. Eyni zamanda Beynəlxalq Maliyyə Korporasiyasının “E-mobility” layihəsi üzrə qarşıda duran prioritetlər və tövsiyələr, əməkdaşlıq imkanları və layihənin icrasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.