18-12-2023
Dekabrın 18-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycanda mobilliyin transformasiyası proqramı” çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələrin təqdimatı ilə bağlı mətbuat nümayəndələri üçün brifinq keçirilib.
Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakıda mobilliklə bağlı proqramın icrasına başlanılıb və bir hissəsi artıq icra edilib. Yol hərəkətinin təşkili ilə bağlı infrastruktur layihələri, taksi xidməti üzrə islahatlar, parklanmanın idarə edilməsi, avtobus marşrutlarının təhlili, mikromobillik infrastrukturunun yaradılması sözügedən layihənin tərkib hissələridir.
“Məqsəd ictimai nəqliyyatda əlçatanlığın, şəhər daxilində mobilliyin artırılması, nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır”, – deyə nazir müavini vurğulayıb.
Qeyd edilib ki, 2030-cu ilə hədəflənən məqsədlərə nail olmaq üçün işlər bir neçə mərhələ üzrə aparılır.
Belə ki, mobillik sisteminin transformasiyası üçün 60-dan çox təşəbbüs nəzərdən keçirilib. AYNA tərəfindən sahə üzrə geniş təhlillər aparılıb, əhəmiyyətli məlumat bazası toplanılıb. Bakı şəhərinin “rəqəmsal əkiz”i yaradılıb. Son infrastruktur layihələrinin planlanması, müntəzəm marşrut xətlərinin optimallaşdırılması işləri məhz həmin “rəqəmsal əkiz”ə əsaslanmaqla icra edilir.
Brifinqdə məlumat verilib ki, bu günədək ümumilikdə 20-dən çox ciddi investisiya tutumlu layihə “rəqəmsal əkiz” üzərində simulyasiya edilib və elmi cəhətdən əsaslandırılmış nəticələr əldə olunub. Ən səmərəli 6 layihə müəyyən edilib və yaxın vaxtlarda onların icrasına başlanılacaq.
Tədbirdə bildirilib ki, ötən dövr ərzində xidmətlərin elektronlaşdırılması, eyni zamanda bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində vacib addımlar atılıb. “BakıKart”, “Azparking”, “Biletim.az” mobil tətbiqləri, həmçinin AYNA İnformasiya Sisteminin bir neçə alt sistemi istifadəyə verilib. Yaxın vaxtlarda AYNA İnformasiya Sisteminin yeni komponenti – əmtəə təyinatlı yüklərin daşınması üçün tərtib edilən elektron əmtəə nəqliyyat qaiməsi istifadəyə veriləcək.
Artıq mobillik proqramının ilkin müsbət nəticələri də müşahidə edilir. Belə ki, taksi sahəsində aparılan islahatlar nəticəsində Bakı şəhərində taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb.
Təhlillər göstərir ki, taksi nəqliyyat vasitəsilə metroya və ya metrodan edilən səfərlərin sayı da ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8,5 km-dən 10 km-ə qədər artıb. Avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb.
Həmçinin taksi sifarişi operatorlarının icazə əsasında fəaliyyət göstərməsi prosesinə başlanılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi üçün taksi sürücüləri təlimlərə cəlb edilib. AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günədək 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib.
Amma bu, məsələnin tam həlli deyil. Növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. Hazırda tələblərin təsdiq edilməsi son mərhələdədir.
Mobilliyin təmin edilməsi üçün atılan addımlardan biri də parklanma yerlərinin düzgün təşkil edilməsidir. Parklanmaya tələbatdan asılı olaraq, Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Zonalar üzrə görülən işlər nəticəsində 17 mindən artıq parklanma yeri təşkil edilib. Mərkəz və 1-ci zonalar üzrə işlər yekunlaşıb. 2-ci və 3-cü zonalar üzrə işlər davam etdirilir.
Brifinqdə bir daha qeyd olundu ki, parklanmaya görə sürücülərdən nağd pul tələb edilməsi qanunsuzdur.
Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlər yalnız nağdsız qaydada mobil tətbiq və sms üzərindən həyata keçirilir.
Qeyd edək ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Həftənin bazar günü, eləcə də hər gün axşam saat 10:00-dan səhər saat 07:00-dək parklanma pulsuzdur.
Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində ictimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün də vacib tədbirlər görülür. AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib, xətlərdə avtobus sayı gündəlik nəzarətə götürülüb, avtobusların hərəkətində fasiləsizlik təmin edilir. Hazırda avtobuslarda yüklülüyün azaldılması istiqamətində iş aparılır. Keçən illə müqayisədə xətlərə əlavə 200 avtobus buraxılıb.
Tədbirdə həm də vurğulanıb ki, avtobuslar üçün xüsusi zolağın ayrılması yolların buraxılış qabiliyyətini dəfələrlə artırır. Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir. Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur. Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti ciddi şəkildə qısalıb. Bu yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti üzrə 1800 dəfədən çox avtobus keçir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılıb.
Tədbirdə bildirilib ki, yol hərəkəti qaydalarının, xüsusən də parklanma qaydalarının pozulmasına və avtobus zolaqlarından istifadəyə nəzarət gücləndiriləcək.
Həmçinin nəqliyyat növləri arasında inteqrasiyanın təmin edilməsi vasitəsilə multimodal daşımalar genişləndiriləcək.
Yeni çağırışlar müasir şəhər mühitinin daha çox insanyönümlü olması, mikromobillik vasitələrindən istifadəyə təşviq edilməsidir. AYNA bu tendensiyaları nəzərə alaraq, mikromobilliyin inkişaf etdirilməsini əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Mobillik layihəsində kiçik təkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər də nəzərə alınıb. 1-ci mərhələdə uzunluğu 7 kilometr olan velosiped və skuter yolu salınacaq. Piyadaların hərəkəti üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir.
AYNA tərəfindən ictimai nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək, sıxlıq müşahidə edilən küçələrdə nəqliyyat yükünü azaltmaq məqsədilə yol infrastrukturu və nəqliyyat axını təhlil edilir, nəticələrə uyğun olaraq infrastruktur layihələri hazırlanır. Bu istiqamətdə görülən işlər çərçivəsində artıq 2 infrastruktur layihəsi icra olunub.
Yeni texnologiyalar tətbiq edilməklə yol yatağının, yol qurğularının və digər infrastruktur elementlərinin qorunması da daim diqqət mərkəzindədir. Bu məqsədlə yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi üçün elektron tərəzilərin vahid monitorinq mərkəzi yaradılıb. Mərkəz avtomobil yollarında quraşdırılan elektron tərəzilərdən əldə olunan məlumatların bir məkanda toplanmasına, emalına, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş qaydada istifadəsinə imkan verir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yol nişanlarına dair müasir tələblərə uyğun standartlar da (quraşdırılması, ölçüləri və xüsusiyyətləri) işlənib hazırlanıb və yeni dövlət standartı qəbul edilib. Artıq bu standartların tətbiqinə başlanılıb.
Sonda mətbuat nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.