19-12-2023
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib.
“Heydər Əliyev və nəqliyyat strategiyası” mövzusunda təşkil edilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev çıxış edərək bu gün müstəqil Azərbaycanın uğurla inkişaf etməsinin məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi xəttinin bəhrəsi olduğunu, həmin siyasi xəttin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Həmçinin İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin hərbi qüdrəti ilə yanaşı, Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və dövlət başçısı tərəfindən uğurla davam etdirilən xarici siyasət strategiyasının qələbəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan inkişaf etmiş nəqliyyat infrastrukturuna, bu sektorun fəaliyyətini tənzimləyən mükəmməl qanunvercilik bazasına malikdır. Respublikamız özünün nəqliyyat kommunikasiyaları resursları ilə beynəlxalq inteqrasiya proseslərinin fəal iştirakçısıdır.