10-01-2024
Taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə taksi sürücülərinin təlimləri davam etdirilir.
Təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzi ilə yanaşı AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində də keçirilir.
Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində aparılır. Artıq Gəncə şəhərində 365, Sumqayıt şəhərində 188 və Mingəçevir şəhərində 32 nəfər təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib. Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur.
Bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 min 324 nəfəri təlimləri bitirib.
Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçmələri mütləqdir.