12-02-2024
2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən “Bakı KOB evi”ndə 233 min 751 sayda xidmət göstərilib. Ümumilikdə ötən il “Bakı KOB evi”ndə sahibkarlara göstərilən xidmətlərin 266 mindən çoxu beş dövlət qurumu tərəfindən göstərilib. Göstəricilərə əsasən, AYNA sahibkarlara ən çox xidmət göstərən qurum olub.
Siyahıda növbəti yerləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyi tutur. Bu qurumlar tərəfindən ümumilikdə 32 min 365 xidmət göstərilib.
Qeyd edək ki, AYNA tərəfindən göstərilən bir sıra xidmətlər “Bakı KOB evi”ndə 2023-cü ilin yanvar ayından təşkil edilir. Agentliyin əməkdaşları KOB evlərində «Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı», «İcazə» blankları, rəqəmsal taxoqraf kartları, beynəlxalq daşıma operatorlarına buraxılış vəsiqəsi, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin, avtovağzal və avtostansiyanın fəaliyyət göstərməsi üçün pasportun verilməsi, marşrutlar üzrə müsabiqənin keçirilməsi və sərnişin daşınması haqqında müqavilənin bağlanması kimi xidmətlər təqdim edirlər.