21-02-2024
Taksi minik avtomobili ilə sərnişindaşıma sahəsində yeni tələblər müəyyən edildikdən sonra “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən hüquqi şəxslər və fərdi sahibkarlara buraxılış vəsiqəsi və onun əlavəsi olan buraxılış kartının verilməsi prosesinə başlanılacaq. Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Buraxılış kartı və buraxılış vəsiqəsi portal üzərindən elektron qaydada veriləcək.
İcazələrin alınması üçün müraciət zamanı taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində xidmət göstərən hüquqi şəxslər və ya fərdi sahibkarların çətinliklərin yaşanmaması üçün taksi parklarına AYNA tərəfindən “E-Xidmət”dən istifadəyə dair təlimlər keçirilir.
Təlimlərdə daşıyıcılara portala giriş qaydaları, sənədlərin əlavə edilməsi, müraciətlərin göndərilməsi və bununla bağlı digər zəruri məlumatlar verilir. Portal üzərindən elektron kabinetə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (ASAN imza və s.) ilə daxil olmaq mümkündür.